Şrift:
Pakistanın Pəncab əyalətində COVID peyvəndi olunmayanların SİM kartları bloklanacaq
11.06.2021 [14:49] - Xəbərlər, Sosial
Pakistanın əhalinin ən sıx yaşadığı Pəncab əyalətində koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edən insanların SİM kartları bloklanacaq.

“The Express Tribune” nəşrinə istinadla xəbər verir ki, qərar əyalətin səhiyyə naziri Yasmin Raşidin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

“İclasda Milli Operativ Komanda Mərkəzinə müəyyən müddətdən sonra peyvənd olunmayan şəxslərin SİM kartlarının bloklanması təklif edilib”, - deyə Yasmin Raşid bildirib.

Onun sözlərinə görə, əyalət rəhbərliyi koronavirusun yayılmasını dayandırmaq üçün bütün resurslardan istifadə edəcək və insanları qısa müddət ərzində vaksinasiyaya yönləndirmək üçün digər tədbirləri hakimiyyətə təqdim edəcək. Bu tədbirlərə peyvənd edilməyən insanların park və restoranlara, həmçinin ticarət mərkəzlərinə girişinin qadağan olunması daxildir.

“Hökumət peyvənd olunmaq istəməyən insanların vaksinasiyadan keçənlərin həyatını riskə atmasına imkan verə bilməz. Vaksin vurduranların normal həyata qayıtmaq hüququ var”, - deyə nazir əlavə edib.

O, xüsusi qaydalar və kütləvi vaksinasiya sayəsində əyalətdə COVID-19 infeksiyasına yoluxma hallarının əhəmiyyətli dərəcədə azaldığını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, indiyə qədər Pakistanda 938 mindən çox yoluxma və 21 min 576 ölüm faktı qeydə alınıb, 873 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed