Şrift:
Şuşa bəyannaməsi: “Ortaq ordunun formalaşması...”
23.06.2021 [11:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçirilib. “TRT Haber”in verdiyi məlumata görə, toplantıda dövlət başçısının Azərbaycana rəsmi səfərinin yekunları da müzakirə olunub.
İclasdan sonra Türkiyə prezidenti mətbuata açıqlamalar verib. O, Şuşa bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib:
“Şuşa bəyannaməsi ilə münasibətlərimizdə yeni bir dövr başlatdıq. Azərbaycanla bir çox anlaşmanı yaxın zamanda imzalayacağıq, qardaşlığımızın hüquqi təməlini gücləndirəcəyik”.

Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Sherg.az”a bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri diplomatik sahədə xüsusi bir əlaqələrə çevrilib:

“Bu, həm də iki dövlət əhalisinin istəyi idi. Tarixin doğru-dürüst siyasi təkamülündən sonra nəhayət, layiq olan münasibətlər sistemi quruldu. 70 illik sovet imperiyadı bu əlaqələri qırmışdı, amma zaman göstərdi ki, heç bir zaman kəsiyi iki dövlətin birliyinə mənfi təsir edə bilməyəcək. Şuşa bəyannaməsi 100 il əvvəl bağlanan Qars müqaviləsi qədər, bəlkə, ondan daha çox əhəmiyyətli və əhatəlidir. Şuşa bəyannaməsi bütün Azərbaycanın taleyi üçün mühüm rol oynayan bir sənəddir.

Bu bəyannamədə bəzi detal diqqəti cəlb edir: İki dövlətin bütün sahələrdə münasibətləri tənzimlənir. Hərbi sənaye kompleksinin yaranması, ortaq ordunun formalaşması, gələcək təhlükəsizlik istiqamətləri, iqtisadi və sosial əlaqələrin inkişafı və.s.
Bu baxımdan Şuşa bəyannaməsi bölgənin və türk dövlətlərinin hamısının taleyini həll edən sənəddir. Perspektivdə türk əməkdaşlıq təşkilatı da istədiyimiz formada olacaq”.

F.Quliyev qeyd edib ki, cənab Ərdoğan toplantı zamanı çıxışında Azərbaycan-Türkiyə münasibətlərinə böyük əlaqələrin təməl prinsipi kimi yanaşıb:

“Hesab edirəm ki, Azərbaycan tərəfi də bu məsələlərə öz imkanları ilə qarşılıq verəcək. Bütün potensialımızı birləşdirərək ortaq gələcəyimizi müəyyənləşdirə biləcəyik. İki prezident dövlətlərin münasibətini prinsipcə ortaya qoyub və bundan doğan müddüəaları da icraedici orqanlar həyata keçirəcək. Hər iki dövlətin mənafelərini özündə əks etdirməklə yanaşı bölgəyə də ciddi şəkildə sülh, sabitlik və inkişaf gələcək”.

Yeganə Bayramova/sherg.az
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed