Şrift:
İlin ilk yarısında kibercinayətkarlıq sahəsində yaranmış zərərin məbləği altı trilyon ABŞ dollarına çatıb
30.06.2021 [10:55] - Gündəm, İqtisadiyyat
Kompüter və telekommunikasiya sahəsində cinayəkarlığın ölkə, şirkət və insanlara vurduğu zərər trilyonlarla dollara bərabərdir.

Cari ilin ilk yarısında bu sahədə yaranmış zərərin ümumi məbləği dünya üzrə altı trilyon ABŞ dollarına çatıb. Bu barədə məlumatı mərkəzi qərargahı Cenevrə şəhərində yerləşən Ümumdünya Telekommunikasiya İttifaqı (ÜTİ) özünün qlobal kibertəhlükəsizlik indeksində yayıb.

Qeyd edilib ki, dünya ölkələri koronavirus pandemiyasının öz ilə gətirdiyi çətinliklərə rəğmən kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, gündəlik fəaliyyət və sosial-iqtisadi sferadakı xidmətlərin internet üzərində təşkilinin əmin şəkildə baş verməsinə çalışıblar. Dünya ölkələrinin 64 faizi ötən ilin sonunadək milli kibertəhlükəsizlik strategiyası hazırlayıblar. Bununla belə cəmiyyət, iqtisadiyyat və sənaye üçün aparıcı qüvvəyə çevrilmiş informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyəti kiberspeysin təhlükəsizliyinin möhkəmləndirilməsini və istifadəçilərin etimadını doğrultmaq üçün tədbirlərin görülməsini tələb edir.

Təşkilat kommunikasiya şəbəkələri və kompüter sistemlərinə qanunsuz müdaxilə və məlumatların manipulyasiyası da daxil olmaqla kibercinayətkarlığın geniş sahələri əhatə etdiyini bəyan edib və dünya ölkələrini təhlükəsizliyin artırılmasına xüsusi diqqət ayırmağa çağırıb. Qeyd edilib ki, dünyada internet istifadəçilərinin sayı sürətlə artmaqdadır və bu artım, eyni zamanda, təhlükəsizlik tədbirlərinin də gücləndirilməsini tələb edir. Təşkilatın statistikasına görə, 2007-ci ildə dünyada bir milyard insanın internetə çıxışı var idi, hazırda bu göstərici 3,5 milyarda bərabərdir və 2030-cu ildə dünya əhalisinin 90 faizi (7,5 milyard insan) gündəlik onlayn ola biləcəklər.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed