Şrift:
Təbrizin elektrik enerjisi ilə təchizatında ciddi problemlər var: Narazılıq böyüyür
05.07.2021 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müxtəlif bölgələrdə davamlı və uzun müddətli elektrik kəsintisi insanların gündəlik həyatında çətinliklər yaradır, onların normal fəaliyyətinə əngəl törədir və maddi ziyana yol açır.

Son bir neçə gündə Təbriz şəhəri və ətraf bölgələrində elektrik enerjisinin verilməsində fasilələrin yaranması bir çox iş yerlərinin fəaliyyətinin dayanmasına səbəb olub.

Bundan başqa tədris prosesində problemlər yaranıb, onlayn imtahan verən öyrəncilər çətinliklərlə üzləşib.

Elektrik enerjisinin verilişində yaranan problemlər insanların narazılığına səbəb olub. Təbriz şəhərində fəaliyyət göstərən çörəkçilər, şirniyyat sexlərinin və restoranların sahibləri və şəhər bazarında mağazası olan iş adamları problemə etiraz edib, böyük məbləğdə ziyana düşdüklərini bildiriblər.

Qeyd edək ki, aylardır davam edən enerji böhranını aradan qaldıra bilməyən hökumət əhaliyə elektirik enerjisini qrafik üzrə verir.

Bir müddət öncə Təbriz Elektrik Şirkətinin direktori Adil Kazimi mətbuata verdiyi açıqlamada yaranan problemdən bəhs edib.

“Enerji sisteminin çökməsinin qarşısını almaq üçün elektrik enerjisini fasilələrlə verməyi qərara aldıq”-deyə, o, bildirib.

Cari ildə yağıntının miqdarının 35% azaldığını, bəndlərdə toplanan suyun həcminin ötən ilə nisbətdə daha çox azaldığını vurğulayan Adil Kazimi qeyd edib ki, havaların daha tez istiləşməsi, 31 min yeni abunəçinin elektrik sisteminə qoşulması yüklənməyə və mövcud problemin yaranmasına səbəb olub.

Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi isə problemin yaranmasını kriptovalyuta mayninqlərinin quraşdırılması ilə əlaqələndirib.

“Elliptic” Araşdırma İnstitutunun bildirdiyinə görə, İran hökuməti ABŞ-ın sanksiyalarının təsirini azaltmaq üçün kriptovalyutalar istixrac edir və bitcoin istehsalından ildə təxminən 1 milyard dollar qazanır.

Son günlər İranın bir sıra şəhərləri ilə yanaşı Güney Azərbaycan bölgələrində başlayan elektrik kəsintiləri bir çox vacib obyektlərdə, özəlliklə xəstəxanalarda ciddi problemlərin yaranmasına səbəb olub.

Sosial mediada yayılan bilgilərə görə, Təbriz xəstəxanalarında müalicə olunan və süni tənəffüs aparatına qoşulan 10 xəstə elektrik kəsintisi və alternativ enerji qaynağının olmaması ucbatından dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed