Şrift:
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhlükəsizlik İdarəsinin əməkdaşları mükafatlandırılıblar
07.07.2021 [14:05] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqədə qalib gəlmiş “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhlükəsizlik İdarəsinin əməkdaşları mükafatlandırılıblar.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eyvaz Əsgərov müsabiqənin və qazanılan uğurun əhəmiyyəti barədə ətraflı məlumat verib.

“Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev çıxışında dəmir yollarının təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb, yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıq edib. Bildirilib ki, bu gün muxtar respublikada bütün müəssisə, təşkilat, xidmət və istehsal sahəsində əməkçi insanlar üçün münbit iş şəraiti yaradılıb. “Naxçıvan Dəmir Yolları” MMC Təhlükəsizlik İdarəsi üzrə də sağlam həyat, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində bir çox səmərəli tədbirlər reallaşdırılır.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov bildirib ki, əməyin mühafizəsi və təhlükəsizliyi şuranın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Şuranın tədbirlər planına uyğun olaraq ilk təşkilatlarda, xüsusilə əməyin mühafizəsinə ciddi ehtiyac duyulan müəssisələrdə olur, maarifləndirici tədbirlər keçirir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında təşkil olunan müsabiqələrdə iştirak edirlər.

Qeyd edilib ki, “Naxçıvan Dəmir Yolları” MMC-nin Təhlükəsizlik İdarəsi 2020-ci il üçün nəzərdə tutulan müsabiqədə fəal iştirak edib, təşkilatın fəaliyyətini əks etdirən sənədlər Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin 2021-ci il 3 may tarixli Qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndərilib. Konfederasiyanın Qərarına əsasən həmin idarə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda respublika müsabiqəsinin qalibi olub.

Təhlükəsizlik İdarəsinin kollektivini təbrik edən Anar İbrahimov uğurun əldə olunması, eləcə də sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müsabiqədə qalib gəlmiş “Naxçıvan Dəmir Yolları” MMC Təhlükəsizlik İdarəsinin kollektivinə fəxri diplom və qiymətli hədiyyə, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən isə bir qrup əməkdaşa fəxri fərman və pul mükafatı verilib.

İdarənin rəisi Səxavət Kazımov verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq edib, dəmir yolları sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed