Şrift:
Yevlaxda şəhid polkovnik-leytenant Soltan Məmmədovun doğum günündə xatirəsi anılıb
22.07.2021 [11:32] - Xəbərlər, Sosial
Yevlaxda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması ənənə halını alıb.

Şəhid polkovnik-leytenant Məmmədov Soltan Akif oğlunun doğum günü ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Milli Məclisin deputatı İlham Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları Şəhidlər xiyabanında onun məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Anım mərasiminin iştirakçıları Soltan Məmmədovun həyat yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər.

Məlumat verilib ki, şəhid polkovnik-leytenant Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Soltan Məmmədov 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə tağım komandiri, sonra isə tabor komandirinin müavini, 2013-2019-cu illərdə Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə qərargah rəisi, 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində tabor komandiri vəzifəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində qəhrəmanlıqla iştirak edib və oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı ordeni” ilə “Vətən uğrunda”, “Soqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin təhsil aldığı Səmədabad kənd tam orta məktəbində onun xatirəsinə şeir müsabiqəsi, şəhər Uşaq Gənclər İdman Şahmat məktəbində isə onlayn şahmat turniri keçirilib, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilib.

Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed