Şrift:
Türkün bayraqlarının sayı artır - Türkiyənin başladığı yeni siyasətin anlamı...
23.07.2021 [11:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin ildönümü ilə bağlı toplantıda çıxışda deyib ki, artıq Kipr türklərinin bir tələbi var, o da müstəqil dövlət statusunun tanınmasıdır: “Artıq Şimal, Cənub Kipr deyə bir anlam qalmayıb. Ona görə də ən qısa zamanda Kipr Türk Dövlətinin geniş bir çevrədə tanınması istiqamətində hər şeyi edəcəyik. Yaxın zamanlarda bunun nəticələrini görməyə başlayacağıq. Adada ikigünlük görüşlərimiz zamanı kiprli qardaşlarımızın bu məsələdə necə də qərarlı olduğunu gördük”.

Beləliklə, prosesə nəzər salanda deyə bilərik ki, Türkiyə yeni bir proses başladır və bu son nəticə olaraq daha bir türk dövlətinin bayrağının ucalarda dalğalanmasını hədəfləyib və məqsədinə çatacaq. Bu isə Yunanıstan hökumətini xeyli hiddətləndirib, Fransa kimi dövlətləri isə ciddi narahat edib. Fransanın xarici işlər naziri Jan-İv Drian iyulun 20-də bu məsələni özünün Kiprdən olan həmkarı ilə müzakirə edib. Le Drian deyib ki, məsələni BMT-də də qaldıracaq.

Eyni zamanda Avropa İttifaqı, ABŞ, Britaniya da Ərdoğanın bu mövqeyinə qarşı çıxıblar. Türkiyənin Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bildirib ki, Avropa İttifaqının tənqidi “əsassız və etibarsızdır”, belə ki, adada yaranmış reallıqdan çıxış etmir və Yunanıstanın tərəfini saxlayır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“İlk öncə qeyd edim ki, Prezident Ərdoğanın verdiyi bu mesaj tamamilə beynəlxalq qanunlara uyğundur. Bəzən belə qəbul edirlər ki, guya Türkiyə gücləndikdə iddialı çıxış edir və bəzən də qanunları saymır. Yəni Yunanıstan, Fransa kimi dövlətlər bu cür iddia edir. Lakin xatırladım ki, Kofi Annanın ada ilə bağlı təklifi var idi. O dönəmdə Kıprıs türkləri həmin təklifə ”hə" dedilər və fikirlərə normal yanaşdılar. Lakin əks tərəf tamamilə fərqli mövqe ortaya qoydu və hesab edirəm ki, bundan sonra Yunan-Kıprıs hissəsi cəzalanmalıdır. Türkiyə tərəfi isə özündən asılı olan beynəlxalq çağırışlara əməl edir.

İkinci bir tərəfdən, ötən əsrin 70-ci illərində adada yunanlar ciddi şəkildə türklərə qarşı soyqırım törətdilər. Əlbəttə ki, soyqırımla üzləşən türklər özlərini müdafiə etmək üçün təsisatlar yaratmalı idilər, hansı ki, bu təsisatların mərkəzləşmiş forması dövlətdir.

Üçüncü bir tərəfdən, Türkiyənin o bölgədə çox ciddi şəkildə haqları var idi. Osmanlı Türkiyəsinə qarşı ən müxtəlif məcbur edilmiş müqavilələrlə haqsızlıqlar olmuşdu və zaman-zaman bu məsələlərə baxılmalı idi. Ən son müddətdə isə “Mavi Vətən” layihəsində Türkiyəyə qarşı yenə də Ege dənizində həbsetmə proyektini ortaya qoydular. Əgər Kıprıs türklərinin orada dövləti olmasaydı, adada türkün haqqı olmasaydı, Türkiyəyə qarşı fərqli bir davranış ortaya qoyulacaqdı. Bu da onu göstərir ki, istənilən kiçik geri çəkilmədə Türkiyəyə qarşı basqılar olacaq. Ona görə də hesab edirəm ki, artıq Türkiyə adada status kvonu bərpa etmək üçün Kıprıs türklərinə dəstək verməlidir. Artıq o zaman çatıb ki, Kıprıs türklərinin taleyi ilə bağlı təkcə Türkiyə deyil, bütün türk cümhuriyyətləri əlini “daşın altına” qoymalıdır. Əlbəttə ki, heç kəsə zərər dəymədən hərə bunu müxtəlif formada edə bilər. Məsələn, bizim ölkə üçün çağırış belə olub ki, intensiv iqtisadi münasibətlər, gediş-gəliş olsun, rəsmilər sıx əlaqə saxlasın və sairə. Bu, getdikcə daha da dərinləşəcək. Bölgədə, dünyada şərtlər dəyişdi. Biz indi haqlı iddialarımızı ortaya qoymasaq, bizə, türk cumhuriyyətlərinə qarşı gediləcək.

Beləliklə, hesab edirəm ki, Prezident Ərdoğanın ortaya qoyduğu mövqe emosional mövqe deyil, “hesab-kitaba”, yəni beynəxalq qanunlara, həmçinin bölgədə yaranmış yeni reallıqlarla tamamilə uyğundur və barış, daimi təhlükəsizlik üçün əhəmiyyətlidir. Əgər adada türk cümhuriyyəti tanınacaqsa, artıq iki dövlət arasındakı münasibətlərdə sual işarəsi aradan qalxacaq. İllərdir ki, bu sual işarəsi var idi və bu, Yunanıstanla Türkiyəni qarşı-qarşıya qoyub. Bütün bu problemlərə son vermək üçün Ərdoğanın verdiyi təklif tamamilə başa düşüləndir və hesab edirəm ki, çox yaxın zamanlarda türk cümhuriyyətləri arasına artıq Kıprıs türkləri də öz bayraqları ilə daxil olacaq".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed