Şrift:
Naxçıvanda Vətən müharibəsi qazilərinə medallar təqdim olunub
04.08.2021 [11:48] - Xəbərlər, Hərb
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində Vətən müharibəsi qazilərinə medallar təqdim olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov isə bildirib ki, illərdən bəri dövlətimiz, xalqımız humanitar prinsiplərə söykənərək münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Vurğulanıb ki, 44 gün davam edən müharibədə öz gücünü tamamilə itirərək ordumuzun qarşısında diz çökməyə məcbur olan qondarma Ermənistan hökuməti 10 noyabr 2020-ci ildə müharibəyə son qoyulması, işğalçı dövlətin torpaqlarımızdan tamamilə çıxarılması üçün bəyanat imzalamağa məcbur olub. Lakin qələbəmiz itkisiz olmayıb. Axı, “Torpaq, uğrunda ölən varsa, Vətəndir”, – deyirik. Bu gün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı muxtar respublikada da yüksək səviyyədədir. Belə ki, şəhid ailələrinin mənzillərlə, qazilərimizin avtomobillərlə təmin edilməsi bu qayğının bariz nümunəsidir.

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov və Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov çıxış ediblər.

Sonda 3 qazimizə “Şücaətə görə”, 1 qazimizə isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim olunub.

Qazilərimizdən Əyyub Sadıqov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Bu xəbər oxucular tərəfindən 1337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed