Şrift:
Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun doğum günüdür
04.08.2021 [11:53] - Xəbərlər, Hərb
Avqustun 4-ü Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun doğum günüdür.

2001-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində anadan olan Pərvin Məmmədov uşaq yaşlarından idmana maraq göstərib. 2019-cu ildə hərbi xidmətə yollanan Pərvinin ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək olub.

Pərvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. Qəhrəman əsgər ön cəbhədə vuruşmasına baxmayaraq, ailəsi ilə əlaqə saxlayarkən bunu bildirməyib. Pərvin Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Müharibənin ilk günlərində ayağından yaralansa da, döyüşə davam edib. Pərvin oktyabrın 2-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.

“Bu gün Pərvinin ad günüdür. 20 yaşını onsuz qeyd edirik. Pərvin bizi yox, Vətəni, torpağı fikirləşdi. Heç bilmədim, oğlum nə vaxt böyüdü, nə vaxt qəhrəman oldu. Əsgər yoldaşları deyir ki, Pərvin döyüşlərə qatılmaq üçün komandirinə müraciət edərək könüllü yazılıb. Sentyabrın 27-si döyüşə girib. Üç gün sonra qayıdıblar. Pərvin deyib ki, bir çox vacib postlar düşməndən alınıb. Döyüşdə yaralanıb. Amma ayağını sarıyıb döyüşü davam etdirib. Digər yaralı döyüş yoldaşının avtomatını da alıb irəli atılıb. Deyib, narahat olma, sənin yerinə də döyüşəcəyəm”, - deyə şəhidin anası Rüxsarə Məmmədova söyləyib.

Pərvin Məmmədov ailənin yeganə oğul övladı idi. Onun özündən kiçik bir bacısı var. Pərvinin atası Natiq Məmmədov Birinci Qarabağ döyüşlərinin iştirakçısıdır.

“Pərvini hərbi xidmətə yola salanda mənə dedi ki, ata, sizin yarımçıq qoyduğunuz işi biz tamamlayacağıq. Torpaqlarımızı ermənilərdən azad edəcəyik. Verdiyi sözü qanı, canı bahasına yerinə yetirdi. Mən oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin atası Natiq Məmmədov bildirib.

Pərvin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 1389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed