Şrift:
Naqasakidə atom bombardmanı qurbanlarının xatirəsi anılıb
09.08.2021 [11:03] - Xəbərlər, Siyasət
Avqustun 9-da Yaponiyada Naqasaki şəhərinə atom bombasının atılmasının 76-cı ildönümünə həsr olunan xatirə mərasimi keçirilib.

Mərasimdə Yaponiyanın Baş naziri Yoşihide Suqa, parlamentin deputatları, diplomatik korpusun və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yaponiya vaxtı ilə saat 11:02 dəqiqədə - 76 il əvvəl ABŞ silahlı qüvvələri tərəfindən Naqasakiyə atom bombası atılan an faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən Naqasaki şəhərinin meri Tomihişa Taue nüvə silahına malik ölkələrin rəhbərlərini bu silahın ehtiyatlarını azaltmağa çağırıb. Bu işdə Nüvə Silahının Ləğvi Barədə Müqavilənin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Yaponiya hökumətinə müraciət edən mer, onu tezliklə həmin müqaviləyə qoşulmağa, nüvə silahından azad Şimal-Şərqi Asiya zonasının yaradılmasına çağırıb.

Tədbirdə çıxış edən Baş nazir Yoşihide Suqa atom bombasından əziyyət çəkmiş yeganə ölkə olan Yaponiyanın missiyasının dəyişmədiyini bildirib. Qeyd edib ki, bu missiya beynəlxalq ictimaiyyəti addım-addım nüvə silahından azad dünyanın qurulmasına yaxınlaşdırmaqdır.

Qeyd edək ki, nüvə silahına münasibətdə Yaponiya üç prinsipi əsas götürür – nüvə silahı istehsal etməmək, ona malik olmamaq və ərazisində saxlanmasına icazə verməmək. Lakin bu ölkə ABŞ-ın nüvə çətiri altındadır və öz hərbi obyektlərini iki ölkə arasında on illərlə bundan əvvəl imzalanan təhlükəsizlik barədə müqaviləyə əsasən yerləşdirir.

Yaponiya hökuməti dəfələrlə beynəlxalq ictimaiyyəti nüvə silahının ləğvinə istiqamətləndirəcəyini vəd etsə də, digər nüvə silahına malik ölkələrlə birlikdə Nüvə Silahının Ləğvi Haqqında Müqaviləyə qoşulmaqdan imtina edir.

Qeyd edək ki, nüvə silahının tam ləğvini nəzərdə tutan həmin müqaviləyə artıq 86 dövlət qoşulub.

Xatirə mərasiminə gəlincə isə, ötən il olduğu kimi bu il də tədbir ixtisar edilmiş formatda keçirilib və ona cəmi 500 nəfər qatılıb. Tədbirdə, həmçinin nüvə silahına malik olan beş ölkənin – ABŞ, Çin, Böyük Britaniya, Rusiya və Fransanın diplomatları iştirak ediblər.

Xatırladaq ki, ABŞ hərbçilərinin “Gombul” adlandırdığı plutonium nüvəli bomba Naqasaki şəhərinə Hiroşimaya atom bombasının atılmasından üç gün sonra həyata keçirilib. Şəhərdə həmin ilin sonunadək bu bombadan ölənlərin ümumi sayı 74 minə çatıb.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin verdiyi məlumata görə, hazırda iki atom bombasının sağ qalan qurbanlarının ümumi sayı 127 min 755 nəfər təşkil edir. Bu bir il əvvəlki göstəricidən 8900 nəfər azdır. Onların orta yaş həddi isə 83,94-ə bərabərdir.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed