Şrift:
ABŞ dünən Əfqanıstandan mindən çox vətəndaşını təxliyə edib
18.08.2021 [13:30] - Xəbərlər, Hərb
Birləşmiş Ştatlar avqustun 17-də Əfqanıstandan 1,1 min insanı təxliyə edib.

Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təxliyə olunanlar ABŞ vətəndaşları və onların ailə üzvləridir. Həmin gün Kabildən C-17 və C-130 hərbi-nəqliyyat təyyarələri ilə 13 reys həyata keçirilib.

Ümumilikdə isə təxliyə əməliyyatı zamanı 3,2 min ABŞ vətəndaşı, habelə Amerika qurumları ilə əməkdaşlıq səbəbindən repressiyaya məruz qala biləcək 2 min əfqan ölkədən çıxarılıb.

Bir müddət öncə Pentaqon Əfqanıstandan təxliyə sürətini gündə 5-9 min nəfərə çatdırmağa çalışacağını bildirib. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbinin sözlərinə görə, Amerika ordusu həm ABŞ, həm də digər Qərb ölkələri ilə əməkdaşlıq edən əfqanları ölkədən çıxarmaq üçün növbəti bir neçə həftə ərzində Əfqanıstanda qalmağı planlaşdırır.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı ölkədə ümumi amnistiya elan edib və insanları normal həyata qayıtmağa çağırıb. Hərəkatın nümayəndəsi Zabiullah Mücahid ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq edən bütün vətəndaşların bağışlanacağını deyib.

Taliblərin vədinə baxmayaraq, minlərlə əfqanıstanlı ölkəni tərk etmək üçün Kabil aeroportuna axışır. Lakin kommersiya reysləri həyata keçirilmir, yerüstü sərhəd məntəqələri isə “Taliban” döyüşçülərinin nəzarəti altındadır. Kabil aeroportunda hökm sürən xaosda azı on nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed