Şrift:
Xaçmazda şəhid Kərəm Veyisovun yaşadığı küçəyə onun adı verilib
18.08.2021 [14:23] - Gündəm, Hərb
Xaçmaz şəhərində Vətən müharibəsi şəhidi Kərəm Veyisovun yaşadığı küçə bundan sonra onun adını daşıyacaq. Kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.

Avqustun 18-də Xaçmaz Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları Kərəm Veyisovun adı verilən küçədə xatirə lövhəsinin açılışında iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbədən, Kərəm Veyisovun torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

Bildirilib ki, Kərəm Veyisov 1998-ci ildə Xaçmaz şəhərində doğulub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.

Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Müharibənin başa çatmasına saatlar qalarkən K.Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Kərəm Veyisovun həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında qalacağı vurğulanıb.

O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə“ və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 1548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed