Şrift:
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən yeni arxeoloji abidələr aşkar edilib
19.08.2021 [14:01] - Gündəm, Mədəniyyət
AMEA Lənkəran Regional Elmi Mərkəzinin Folklor, etnoqrafiya və arxeologiya şöbəsində Lənkəran-Astara bölgəsinin tarixi, etnoqrafiyası, eləcə də abidələrinin aşkar olunması ilə bağlı mühüm tədqiqatlar aparılır. Şöbə əməkdaşları tərəfindən Lənkəran və Lerik rayonları ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində bir neçə yeni arxeoloji abidə qeydə alınıb. Aşkar olunan abidələr Son Tunc və Erkən Dəmir dövrünə, eləcə də orta əsrlərə aiddir.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, həmçinin Lerik rayonunun Cayrud və Veri kəndlərinin arasındakı otlaq sahəsində 5 yeni kiçik və orta ölçülü kurqan aşkar edilib. Onların əsasən Son Tunc və Erkən Dəmir dövrünə aid olması ehtimal edilir. Kurqanların örtükləri torpaq və daş töküntüsündən ibarətdir. Çayrud və Rvarud kəndlərinin ərazisində isə daş qutu nekropolları aşkar olunub. Bu nekropolları eramızdan əvvəl II-I minilliklərə aid etmək olar. Bundan başqa, Lənkəran rayonunun Yuxarı Nüvədi kəndinin ərazisində aparılan təsərrüfat işləri zamanı orta əsrlərə aid və sahəsi 1 hektardan artıq olan yaşayış yeri tapılıb. Həmin ərazidən şirli və şirsiz keramika nümunələri əldə edilib. Saxsı məmulatının ilkin təhlilinə əsasən, yaşayış yerini X-XIV əsrlərə aid etmək olar.

Azərbaycanın və Cənubi Qafqazın tarixində əhəmiyyətli abidələrdən hesab olunan Telmankənd kurqanlarının yaxınlığında antik dövrə aid yaşayış yeri qeydə alınıb. Abidə ilə bağlı yerüstü ilkin tədqiqatlar onun sahəsinin təqribən 1 hektardan artıq olmasını təsdiqləyir. Ərazidə sonrakı dövrlərdə yaşayış evləri tikildiyindən və şumlama aparıldığından mədəni təbəqə qismən dağıntıya məruz qalıb.

Bununla yanaşı, Cənub-Şərq regionunda tapılmış, eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrü özündə əks etdirən sikkələrin tədqiqi regionun numizmatikasının öyrənilməsi istiqamətində əhəmiyyət kəsb edir.

Arxeoloji kəşfiyyat işləri zamanı əməkdaşlar tərəfindən Lerik rayonunun Mistan kəndi ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid olması ehtimal edilən 5 yeni iri və orta ölçülü kurqan aşkar edilib. Bu kurqanların diametri 20-30 metr, hündürlüyü 3-5 metr təşkil edir. Bundan başqa, rayonun Xəlifə kəndi ərazisində yerli əhalinin “Gavur qəbirləri” adlandırdığı 3 kurqanın qalıqlarına rast gəlinib. Həmin kurqanlar kəndə yol çəkilişi zamanı dağıdılıb.

Lerik rayonunun Halabın kəndinin yaxınlığında isə Son Tunc və İlk Dəmir, orta əsrlərə aid və ümumi sahəsi 1 hektardan artıq olan qəbiristanlıq tapılıb. Qəbiristanlığın ərazisində orta əsrlərə aid edilən həndəsi və nəbati naxışlarla bəzədilmiş başdaşıları və sındırılmış qoç fiqurları aşkar edilib. Bununla yanaşı, bölgənin folklor, etnoqrafiyası ilə bağlı tədqiqatların aparılması məqsədilə Astara rayonunun Sım yaşayış yeri, Bəlləbur qalası ilə bağlı araşdırmalar aparılıb, əldə edilən nəticələr ümumiləşdirilib.

Astara rayonunun Sım kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər aşkarlanıb. Bu təsvirlər üslubuna görə Qobustanın qayaüstü təsvirlərinə analogiya təşkil edir. Ərazinin rütubətli iqlimi qayaüstü təsvirlərin bir çoxunun qayalardakı mamırların altında qalması ehtimalı yaradır.

Qeyd edək ki, yaxın zamanda Sım qayaüstü təsvirləri ilə bağlı kompleks arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed