Şrift:
Yaponiyada koronavirusun “mu” ştamı aşkar olunub
02.09.2021 [14:32] - Gündəm, Sağlıq
Yaponiyada koronavirusun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “maraq doğuran” kimi təsnifləndirilmiş yeni növünə yoluxma halı qeydə alınıb.

Yaponiya KİV-inə istinadla xəbər verir ki, koronavirusun “mu” ştamı adlandırılan bu növünə yoluxan iki qadın sərnişin iki müxtəlif aeroportda testdən keçərkən aşkar edilib. Koronavirusun həmin ştamının Latın Amerikasında və Avropada qeydə alındığı da bildirilir.

Qeyd edək ki, avqustun 31-də ÜST koronavirusun bu variantını “maraq doğuran virus növü” siyahısına daxil edib.

Yaponiya Səhiyyə Nazirliyinin mütəxəssisləri koronavirusun bu ştamını əvvəllər eldə edilən nümunələr əsasında tədqiq ediblər.

Həmçinin bildirilir ki, koronavirusun “mu” ştamı “Narita” aeroportunda Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş təqribən 40 yaşlarında olan qadında aşkar edilib. Həmin virusun yoluxduğu təqribən 50 yaşlarında olan ikinci qadın isə “Haneda” aeroportuna Böyük Britaniyadan gəlib.

ÜST-nin bildirdiyinə görə, “mu” ştamı vaksinasiya nəticəsində əldə edilən immuniteti zəiflətmək gücündə olan mutasiyaya malikdir.

Koronavirusun bu ştamının ilk dəfə yanvarda Kolumbiyada aşkar edildiyi, hazırda onun 39 ölkədə qeydə alındığı da bildirilir.
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed