Şrift:
Azərbaycanın taleyini dəyişən sənəd: 12 Şəhrivər bəyannaməsinin imzalanmasından 76 il ötür
03.09.2021 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bəyannamənin imzalanması İran tarixi ilə 1324-cü il Şəhrivər ayının 12-ə, miladi təqvim ilə 1945-ci ilin sentyabr ayının 3-ə təsadüf edir. Bu bəyannamə Azərbaycan Demokrat Firqəsinin yaradılmasını elan edən bir sənəddir.

Ona qədər ümumİran miqyasında azadlıq məsələsi qoyulurdu. Yəni İran xalqlarının Şah istibdadından azad olması məsələsi qaldırılmışdı. Sonradan xalqın milli mübarizəsinə rəhbərlik edən bir partiyaya ehtiyac yaranmışdı.

Bu ehtiyacı hamıdan əvvəl anlayan partiyanın lideri və qurucularından biri Seyid Cəfər Pişəvəri 1945-ci ilin iyul ayında Azərbaycana gəlir, öz həmfikirləri ilə məsləhətləşmələr aparır.

Beləliklə 47 nəfərin imzası ilə 1945-ci il sentyabr ayının 3-də 12 Şəhrivər adlanan bəyənnamə elan olunur.
Bu bəyannamə ilə Demokrat Firqəsinin əsası qoyulur.

Firqənin məramı bəyənnamədə “Şüarlar” adı ilə əks olunmuşdu. Bu şüarlarda göstərilirdi ki, əsas məqsəd Azərbaycanı azad etmək, Azərbaycana İran hüdudları daxilində muxtariyyət vermək, Azərbaycan kəndlilərinə torpaq verməkdir.

Habelə sənəddə Azərbaycan dilini dövlət dili elan etmək, xalqın azadlığını bərqərar etmək, Azərbaycanda yaşayan qeyri-türklərin hüquqlarını tanımaq və onların mədəniyyətinin, dilinin inkişafına şərait yaratmaq, sənayeni yenidən dirçəltmək, yəni sənaye sahiblərinə kömək etmək, məktəbləri, yolları, şəhərləri, kəndləri abadlaşdırmaq və s. əks olunurdu.

Bəyannamədəki əsas qayə Azərbaycanın müstəqilliyi, ölkənin iqtisadi dirçəlişi, şahlıq rejimindən azad olunması idi.

Bəyannamə kütləvi şəkildə əhali içərisində yayılır. Xalq 12 Şəhrivər bəyannaməsində uzun illərdir qəlbində bəslədiyi, uğrunda mübarizə apardığı məsələləri gördü. Ona görə də, Azərbaycan Demokrat Firqəsinin sıralarına çox sürətlə axın başladı. Hətta Azərbaycanda təşkilatı olan İran Xalq Partiyası da firqəyə qoşuldu.

Azərbaycan Demokrat Firqəsi elan etdiyi məramlarına çatmaq üçün fəaliyyət göstərdi. Əsas fəaliyyət bu şüarlarda yazılan maddələrin demək olar ki, hamısının icrasına yönəldi, ancaq tam həyata keçirilməsi üçün vaxt çatmadı. Milli hökumət isə cəmi bir il yaşadı.
Bu xəbər oxucular tərəfindən 1424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed