Şrift:
Dialoqa sözardı:“...Bəzi partiyalar birləşəcək, bəziləri sıradan çıxacaq”
11.09.2021 [14:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Dünən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib. Tədbiri giriş sözü ilə açan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Ədalət Vəliyev qeyd edib ki, bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub. İqtidar-müxalifət dialoqunun əhəmiyyətini vurğulayan şöbə müdiri qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması barədə məlumat verib. Həmçinin qeyd olunub ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Ədalət Vəliyev siyasi partiyaların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirdiyini, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandığını xatırladaraq Vətən müharibəsi zamanı bu milli həmrəyliyin bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu göstərdiyini xüsusi qeyd edib.


“Sherg.az” olarq sözügedən görüş və bunun fonunda iqtidar-müxalifət dialoqu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyevlə söhbətləşdik:

- Görüş barədə təəssüratlarınız necədir?

- Bu, ilk görüş deyil. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılandan sonra xeyli belə görüşlər keçirilib. Fikrimcə, bu cür konfranslar, toplantılar siyasi partiyaların inkişafı, siyasi palitranın zənginləşməsi üçün xüsusi əhəmiyyətlidir. Problemlərin masaya daşınması və həlli baxımından dialoqun alternativi yoxdur. Mən konfransı zamanı çıxış edərək bildirdim ki, siyasi partiyalar milli birlik ideyasını əsas götürməlidirlər. İkinci Qarabağ müharibəsində zəfər qazanmağımızda müxtəlif partiyaların ortaq mövqedən çıxış etməsinin mühüm əhəmiyyəti oldu. Hətta təklif etdim ki, toplantıda iştirak edən partiyalardan ibarət məşvərət məclisi yaradılsın. Bu, daha dərin məsələlərin müzakirəsinə və xarici təzyiqlərin qarşısının alınmasına şərait yaradacaq. Həmçinin konfransda siyasi islahatlar, seçki məcəlləsinin təkmilləşdirilməsi, yeni seçki sisteminə keçid kimi ölkənin daha da inkişafına səbəb olacaq məsələlər də müzakirə edildi. Fikrimcə, 50-yə yaxın siyasi partiyanın müxtəlif məsələlərdə eyni mövqedən çıxış etməsi gələcəkdə daha yaxşı nəticələrlə yadda qalacaq.

- “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsindən gözləntiləriniz nələrdir?

- 18 partiya təklif verib. Onlardan biri də bizim partiyadır. Ədalət müəllim bildirdi ki, həmin təkliflərdən 6-sı qanunda dəyişikliyə uyğundur, qalanları isə ümumi səciyyə daşıyır. Təkliflərin nəzərə alınmasının vacib olduğunu düşünürəm. Çünki seçki sistemi dəyişsə, partiyaların zehniyyətləri məsələsi gündəmə gələcək. Bəzi partiyalar birləşəcək, bəziləri sıradan çıxacaq. Beləliklə, ümumi say azalacaq. Bu baxımdan, partiyaların cəmiyyətdə yerinin möhkəmlənməsi, siyasi proseslərdə daha ciddi iştirakı üçün dəyişikliyi məqbul sayıram. Yəqin, qanun layihəsi tam ərsəyə gəldikdən sonra ictimai müzakirəyə çıxarılacaq.

- Zaman-zaman iqtidar-müxalifət dialoqu məsələsi gündəmə gəlsə də, sonradan proses sanki “öləziyir”. Bu, nə ilə bağlıdır?

- Doğrudur, bir az da inkişafa ehtiyac var. Amma bu, dialoq prosesində səngimə demək deyil. Əksinə, dialoq müntəzəm gedir. Parlamentdə partiya təmsilçilərinin komitə sədrinin müavini kimi yüksək vəzifələrə çalışması dediyim fikrin təzahürüdür. İkinci bir tərəfdən, təkliflərimiz heç vaxt “qulaq ardına vurulmayıb”, həmişə nəzərə alınıb. Bayaq da dediyim kimi, partiyaların məşvərət məclisinə çevrilməsi və gələcəkdə inkişaf və islahat komitəsinin yaradılması məqsədəuyğundur. Belə olsa, partiya sədrlərinin potensialından daha çox istifadə oluna bilər.

- Hər iki cəbhə dialoqda maraqlıdır. Amma bəzən üçüncü qüvvələr danışığa gedən müxalifət nümayəndələrini “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırırlar...

- Üçüncü qüvvə yoxdur. İkisindən başqa bütün partiyalar danışıqlarda iştirak edirlər. AXCP və Müsavat partiyaları isə vaxtı ilə Moskvada yaradılan Milli Şuranın tərkibində idilər. Hər ikisinin təsir dairəsi çox zəifdir. Onlar xarici vətəndaşı prezident etmək istəyirdilər. Eyni zamanda Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razılıq vermişdilər. Yəni milli maraqları satan qüvvədirlər. Və onların haradasa təmsil olunmalarına ehtiyac, nə isə söz demələrinə isə haqqı yoxdur. Dediyim kimi, ölkə maraqlarını satanların sözlərinə əhəmiyyət verməyə dəyməz.

Kənan Novruzov/sherg.az
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed