Şrift:
Payız depressiyasının səbəbləri və xilas yolları
27.09.2021 [09:05] - Gündəm, Sağlıq
Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyən aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır.

Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın Günəş işığının azalması depressiyanı yaradan əsas səbəblərdən biridir: “Payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir. Həmin hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, hər şeyə marağın itməsi, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, iştahanın dəyişməsi-artması və ya olmaması payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meylli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar. yaşla əlaqədar depressiyaya da düşmək halları da olur”.

Psixoloqun fikrincə, depressiyadan xilas olmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır: "Çox mühüm məsələlərdən biri dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir”.

Həmsöhbətimiz daha sonra deyib: “Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir”.

Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed