Şrift:
Xudutəpə çoxtəbəqəli yaşayış məskənində ilk arxeoloji tədqiqatlara başlanılıb
12.10.2021 [10:27] - Gündəm, Mədəniyyət
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi altında “Cəlilabad arxeoloji ekspedisiyası” həmin rayonun Çəmənli kəndi ərazisindəki Xudutəpə çoxtəbəqəli yaşayış məskənində arxeoloji qazıntılar aparıb.

BU barədə AMEA-dan bildirilib. Qeyd olunub ki, sahəsi 7 hektara yaxın olan abidə Cəlilabad-Yardımlı şose yolunun 22-ci km-də, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpə üzərində yerləşir. Yerli tarixçi Rza Rzayevin məlumatı əsasında abidəyə ilk dəfə olaraq XX əsrin 90-cı illərində arxeoloq Fərman Mahmudov ilkin baxış keçirib və onu çoxtəbəqəli yaşayış məskəni kimi qeydə alıb. Lakin bu günə qədər Xudutəpədə heç bir arxeoloji qazıntılar aparılmayıb.

Son tədqiqatlar zamanı Xudutəpə abidəsinin şimal tərəfində aparılmış arxeoloji qazıntılar nəticəsində torpaq qəbirlər olduğu müəyyən edilib. Qazıntılar zamanı 3 qəbir abidəsi aşkar edilib və bu qəbirlərdən maraqlı dəfn avadanlıqları üzə çıxıb. Aşkarlanmış saxsı qablar analoji olaraq “Muğan arxeoloji mədəniyyəti” və Cənubi Azərbaycanın bir sıra abidələrinin materialları ilə səsləşir. Qeyd etmək lazımdır ki, abidənin üzərindəki nekropol əsasən e.ə. VIII-VII əsrlərə aid sallama qəbirlər olub yaşayış yerinin üzərində salınıb. Bunu sübut edən tutarlı faktlar qəbirlərin qazıntısı zamanı alt qatlardan qarışaraq üzə çıxmış orta əsrlər, Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü “Kür-Araz mədəniyyəti” saxsı qab nümunələridir. Lakin təpənin bu hissəsində yaşayış yerinin qatları zəif izlənilir və ehtimal ki, bu daimi yaşayış üçün az əlverişli hissə olub.

Təpənin cənub-qərb hissəsində, nisbətən ətəkdə 75 kvadratmetr sahədə aparılmış yoxlama qazıntıları nəticəsində isə qalın mədəni təbəqə üzə çıxıb. Belə ki, abidənin 40 sm qalınlığında üst qatı orta əsrlər dövrünə aid materiallarla müşayiət olunur. Daha alt qatlarda isə Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü təbəqələri bir-birini əvəz edir. Ən alt qatda isə Eneolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri tapılıb. Qazıntılar nəticəsində Kür-Araz təbəqəsindən çiy kərpicdən dairəvi tikili qalıqları, təsərrüfat quyuları, ocaq yerləri də üzə çıxıb. Abidənin bu hissəsində materikə qədər 2 metr qalınlığında mədəni təbəqənin olduğu müəyyən edilməklə Xudutəpədə e.ə. VI minillikdən başlayaraq son orta əsrlərə kimi yaşayışın mövcud olması dəqiqləşdirilib. A.Ağalarzadənin ehtimalına görə, abidənin mərkəzi hissəsində mədəni təbəqənin qalınlığı 4 metrə yaxın ola bilər.

Anar Ağalarzadənin bildirdiyinə görə, gələcəkdə yaşayış məskənində aparılacaq geniş miqyaslı kompleks arxeoloji tədqiqatlar daha maraqlı elmi faktların üzə çıxmasına imkan verəcək.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed