Şrift:
Şəmkirdə əkin sahələrinin su təminatını vaxtında və itkisiz həyata keçirmək üçün lazımi tədbirlər görülür
13.10.2021 [10:32] - Gündəm, İqtisadiyyat
Prezidentin Sərəncamına əsasən Şəmkirdə 13 subartezian quyusunun qazılması planlaşdırılır. Həmçinin əkin sahələrinin su təminatını vaxtında və itkisiz həyata keçirmək üçün rayonun əsas su kanallarından olan “Pambıqlı” kanalının torpaq məcralı ərazisinin beton üzvlüyə alınması işləri də tamamlanmaq üzrədir. Kanalda işlərə ötən ildən başlanılıb.

Şəmkir Suvarma Sistemləri İdarəsi suvarılmaya yararlı 40500 hektar sahənin suvarılmasında problemlərin yaranmaması üçün işlərini davam etdirir. Rayonda növbəti suvarma mövsümündə su itkisinin qarşısını almaq üçün idarənin balansında olan 930 kilometr arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. Artıq kanalların 300 kilometr hissəsində işlər tamamlanıb, qalan hissədə isə 30 texnika və canlı qüvvə ilə işlər davam etdirilir. Bunlarla yanaşı, torpaq məcralı kanalların beton üzlüyə alınması işləri də görülür.

Ötən aydan 861 ədəd subartezian quyusu idarənin balansına verilib. Həmin quyulardan 6-sı əsaslı təmir olunub. Digər quyularda da mütəmadi olaraq təmir-bərpa işləri görülür. Rayonun Yeniyol, Dəllər Cəyir, Düyərli və Morul kəndlərində əsaslı təmir olunan quyular kənd əhalisinin əkin sahələrinin suvarılması ilə yanaşı, içməli suya olan tələbatını da ödəyir.

Prezidentin Sərəncamı ilə qazılacaq 13 subartezian quyusu rayonun Düyərli, Sabirkənd, Zəyəm Cırdaxan, Sarıtəpə, Könüllü, Yeniyol, Yeni Həyat, İrmaşlı kəndlərində və Zəyəm qəsəbəsində qazılacaq. Bu quyular istifadəyə verildikdən sonra 500 hektar sahənin suvarılması yaxşılaşacaq. Suvarma sahəsində görülən işlər sakinlərin və fermerlərin təsərrüfatlarını vaxtında suvarmasında və məhsuldarlığın bol olmasında mühüm rol oynayır.

Qeyd edək ki, rayon ərazisində Şəmkir çay su anbarından götürülən su ilə 14428 hektar, Zəyəm çayından götürülən su ilə 1668 hektar, Maşın kanalı ilə 6528 hektar, subartezian quyuları vasitəsi ilə isə 14296 hektar sahə suvarılır. Şəmkirdə 17 nasos stansiyası fəaliyyət göstərir və bu stansiyaların hamısında mütəmadi olaraq təmir-bərpa işləri görülür. Nasos stansiyaları ilə suvarılan sahə isə 3580 hektar ərazini əhatə edir.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed