Şrift:
Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100 illiyi “Azərxalça”da qeyd olunub
20.10.2021 [11:11] - Gündəm, Mədəniyyət
Oktyabrın 22-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı professor Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılması, yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin xidmətləri nəzərə alınaraq, Prezident İlham Əliyev Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olmuşdur.

Məhz bu səbəbdən də görkəmli rəssamın 100 illik yubileyi doğma “Azərxalça” ASC-də də qeyd olunub.

Tədbirdə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, uzun illər Kamil Əliyevlə birlikdə çalışmış, xalçaçılıq sahəsində böyük əmək sərf etmiş, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, rəssamın həm qızı, həm də sənət yoldaşı Nərminə Əliyeva, “Zəfər” kolleksiyası müsabiqəsinin gənc dizaynerləri və digər qonaqlar da iştirak ediblər.

Tədbirdə Əlisəfa Nuriyev gənclərə və tədbir iştirakçılarına Kamil Əliyev yaradıcılığı haqqında geniş məlumat verib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, onun uzun illər rəhbəri olduğu “Azərxalça” Elm-İstehsalat Birliyinin kollektivi qədim kökləri olan xalq sənətini bu gün də uğurla yaşadıb inkişaf etdirir.

Nərminə Əliyeva atası, görkəmli sənətkar Kamil Əliyev haqqında xatirələrini bölüşüb.

Sonda bir daha qeyd olunub ki, Kamil Əliyevin çeşniləri əsasında toxunmuş xalçalar süjet və ornament rəngarəngliyi ilə səciyyələnir, əsrlər boyu Azərbaycanda formalaşmış xalçaçılıq məktəblərinin xüsusiyyətlərini vahid kompozisiya ətrafında birləşdirir. Kamil Əliyev Azərbaycan tarixinin xalı sənətini dünya miqyasında tanıdan, onu təbliğ edən böyük mütəxəssislərdən biridir.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed