Şrift:
Naxçıvanda şəhid ailələri və Vətən müharibəsi iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunurlar
20.10.2021 [11:17] - Xəbərlər, Siyasət
Ötən ilin sonlarında başlayan və tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada sistemli və ardıcıl xarakter daşıyır, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində, oktyabrın 19-da müvafiq kateqoriyadan olan daha iki ailənin yaşayış sahəsində aparılan təmir-bərpa işləri başa çatdırılıb, mənzil və fərdi yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.

Vətən müharibəsi iştirakçısı Zeynalov Təbriz Eyvaz oğlunun Naxçıvan şəhərində yerləşən mənzilində də təmir işləri başa çatdırılıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov mənzildə yaradılan şəraitlə maraqlanıb, ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirib ki, bu qayğının əsas istiqamətlərindən birini də müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən sosial dəstək tədbirləri təşkil edir.

Mirsənani Seyidov qeyd edib ki, Vətən müharibəsi zamanı, tarixi Zəfərin qazanılmasında Naxçıvandan olan hərbçilərimiz də cəsarətlə iştirak edib, yüksək iradə, döyüş əzmi göstəriblər. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev isə bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən bütün muxtar respublika sakinlərinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir. Nazir əlavə edib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılıb. Fonda könüllü ianələrin ödənişi hazırda da davam etdirilir. Bu günədək fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan şəxslərin muxtar respublika xaricində müalicə və müayinələrinə köməklik göstərilib, onların kredit borcları qarşılanıb və zəruri hallarda yaşayış sahələrində təmir-bərpa işləri aparılıb.

Mirsənani Seyidov və Nicat Babayev müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

X X X

Həmin gün Vətən müharibəsi şəhidi, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Rüstəmov Basid İdris oğlunun Kəngərli rayonunun Xok kəndində yerləşən evi təmirdən sonra ailə üzvlərinə təhvil verilib. Mənzilin təmirdən sonrakı şəraiti ilə tanış olan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və rəşadətli Azərbaycan Ordusunun göstərdiyi igidlik sayəsində 44 gün ərzində 30 illik həsrətə son qoyulub. Bu müharibədə Kəngərli rayonundan 24 şəhid, onlarla qazi olub. Dövlət tərəfindən bütün şəhid ailələri və qazilərə yüksək diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, şəhidlərimizin məzarüstü abidələri və ətrafında abadlıq işləri aparılır.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev ailənin qayğıları ilə maraqlanıb. Qeyd edib ki, ötən müddət ərzində göstərilən sosial xidmətlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə müvafiq vəsiqələr verilib, Prezident təqaüdü, sosial müavinətlər təyin olunub, Vətən müharibəsi qəhrəmanlarına Prezident təqaüdü ödənilib. Həmçinin müharibə iştirakçılarının Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicələri təşkil olunub, onlara müvafiq reabilitasiya vasitələri təqdim edilib. Əlavə olaraq bu müddət ərzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün Psixoloji Dəstək Xidməti təşkil edilib və burada müharibədən zərərçəkmiş insanlar üçün müvafiq seanslar aparılıb.

Kamal Ələkbərov və Nicat Babayev müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, hər iki ailənin üzvlərinə ehtiyaclarına uyğun hədiyyələr təqdim olunub. Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed