Şrift:
Vətən müharibəsi qazisi: Çox sevinirəm ki, girdiyimiz döyüşlərin hamısından qalib ayrıldıq
25.10.2021 [09:52] - Gündəm, Sosial
Sentyabrın 21-də təlimlərə qoşuldum. Beş gün sonra Ağdama aparıldıq. Səhəri gün Azərbaycan Ordusunun bölmələrinə düşmənin təxribatına qarşı bütün cəbhəboyu istiqamətlərdə əks-hücum əməliyyatına keçmək əmri verildi. Müharibə şiddətli başladı. İlk saatlardan gedən qızğın döyüşlər zamanı hamımız bir şeyi çox yaxşı başa düşdük: ya şəhid olacaqdıq, ya da qazi, amma ki, sonacan gedəcəkdik. Artıq geriyə yol yoxdur. Bu, bizim çoxdan gözlədiyimiz fürsət idi.

Bunu Vətən müharibəsi qazisi Azad İsmayılov deyib.

İsmayılov Azad Pənah oğlu 1996-cı il fevralın 23-də Göyçay rayonunun Alxasava kəndində olub. Ötən il sentyabrın 21-dən təlimlərə cəlb edilən Azad Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. O, Tərtər, Ağdərə, Ağdam istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Qalib əsgər kimi Göyçaya doğmalarının yanına qayıdan Azad müharibə haqqında təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: "Mən və silahdaşlarım əks-hücum əmri gələndən sonra döyüşlərə qoşulmaq üçün səbirsizlənirdik. İlk olaraq Ağdərə istiqamətində postları düşməndən təmizləmək tapşırığı aldıq. Sentyabrın 29-da "Tülkü dərəsi"ndə yerləşən "Beton post" adlandırılan posta hücum etdik. Sentyabrın 29-dan oktyabrın 2-nə kimi Ağdərə istiqamətindəki səngərlərin düşməndən təmizləməsi əməliyyatında iştirak etdik. Döyüş yoldaşlarımızdan yaralanan da, şəhid olan da var idi. Çox qısa müddət olsa da, aramızda səmimi münasibətlər yaranmışdı. Silahdaşlarımızın gözümüzün qarşısında şəhid olması təbii ki, çox pis təsir edirdi. Lakin biz özümüz də bilmirdik ailəmizin yanına salamat qayıdacağıq ya yox? Gördüklərimiz bizi soyuqqanlı etmişdi. Hər şeyə hazır idik. Məramımız öldürmədən ölməmək, atıldığımız döyüşlərdən qalib ayrılmaq və silahdaşlarımızın qisasını almaq idi. Buna da nail olurduq. Sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərə qoşulduq. Həmin istiqamətdə də aparılan hərbi əməliyyatlar uğurla yekunlaşdı. Orada bir yüksəklik, hərbi hissə və postları düşməndən təmizlədik. Orada əşya anbarı ələ keçirildi. Həmçinin düşmənin bir BTR tankı sıradan çıxarıldı. Oktyabrın 3-də Suqovuşan işğalçıların əsarətindən qurtarıldı. Bundan sonra Ağdam istiqamətinə yollandıq. Orada yaxın məsafədən döyüşlər gedirdi. Şahidi olduğum ən dəhşətli ölüm məhz orada oldu. Üç ayın əsgəri bizə dəstək olmaq üçün olduğumuz mövqeyə doğru qaça-qaça gəlirdi. 60 millimetrlik minaatan mərmisi onun üzərinə düşdü və elə oradaca şəhid oldu. Həmin mənzərə hələ də gözlərimin qarşısındadır. Bu hadisə düşmənə nifrətimizi daha da artırdı. Gözümüzə heç nə görünmürdü. Qanımız donmuşdu. Qisas qarışıq nifrət hissi hamımızın gözünü örtmüşdü. Şəhid olan döyüş yoldaşlarımızın intiqamını almaq üçün irəli atılır, düşmənə ağır zərbələr vururduq. Ondan sonra isə Murov dağının ətəyindəki postların da düşməndən təmizlənməsində iştirak etdik. Çox sevinirəm ki, girdiyimiz döyüşlərin hamısından qalib ayrıldıq. Lakin şəhid olan döyüş yoldaşlarıma görə çox təəssüflənirəm. Onların hamısı qəhrəman idilər. Necə əzmlə, qorxmadan döyüşürdülər. Hər birinin xatirəsi daim qəlbimizdə yaşayacaq. Məzarlarını üzüağ, alnıaçıq ziyarət edirik. Çünki qisasları yerdə qalmadı".

Azad İsmayılov Vətən müharibəsində qumbaraatan və snayperçi kimi iştirak etdiyini və döyüşlər zamanı düşmənin 17 nəfər canlı qüvvəsini məhv etdiyini də qeyd edib.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed