Şrift:
Frankfurt kitab sərgisindəki stendimizdə ölkəmizlə bağlı kitablar oxuculara təqdim olunub
26.10.2021 [10:25] - Gündəm, Mədəniyyət
Frankfurt kitab sərgisində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin stendində tədbir keçirilib.

Beynəlxalq “İrs” nəşriyyatının görkəmli Azərbaycan publisisti Musa Mərcanlının ideyası və rəhbərliyi ilə Azərbaycan, rus və ingilis dillərində dərc edilmiş “Qobustan - minilliklərin yaddaşı”, İçərişəhər tarixi haqqındakı “Qədim qalanın yuxuları”, Təbriz miniatür məktəbinə həsr edilmiş “Təbrizin sehrli nağılları” kitablarını yazıçı Vüqar Dəmirbəyli tədbirdə iştirak edən qonaqlara təqdim edib. Ardınca isə V.Dəmirbəyli “İrs” nəşriyyatının Qarabağa aid çapdan buraxdığı kitablardan danışıb, bu sıradan olan “Qarabağ - əsrlərin salnaməsi”, “Qarabağın qara kitabı” və Qarabağın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasına həsr edilmiş “Zəfər salnaməsi” kimi nəşrlərini sərgi iştirakçılarının diqqətinə çatdırıb. Bundan sonra məruzəçi Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının tarixindən və hazırkı inkişafından bəhs edən Matthias Dornfeldt və Enrico Seevaldın “Deutschland und Aserbaidschan” kitabından danışıb, ölkəmizin maarifçilik ənənələrini tanıtmaq məqsədilə Cəlil Məmmədquluzadənin Bakı kitab klubunun Azərbaycan və alman dillərində dərc etmiş olduğu hekayələrini nümayiş etdirib. Sonda isə “İrs” nəşriyyatı V.Dəmirbəyli “İrs” jurnalının əsasən Qarabağ mövzusuna həsr olunmuş sonuncu nömrəsini gələnlərə təqdim edib.

Tədbirdə tanınmış muğam ustası Zahid Quliyevin oğlu Atəş Quliyevin kamançada müşayiəti ilə ifası sərgi iştirakçılarını valeh edib. Alman müğənnisi Dagmar Kuhn isə Azərbaycan dilində bir neçə mahnı ifa edərək, ölkəmizin necə zəngin mədəniyyətə malik olmasını bir daha vurğulayıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbəri Akif Maarifli, onun müavini İslam Məmmədov, şöbənin aparıcı baş məsləhətçisi Lalə Məmmədova tədbirin təşkilinə və keçirilməsinə böyük dəstək verib, həm də burada yaxından iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed