Şrift:
Azərbaycanın UNESCO nümayəndəliyi Parisdə Qoşulmama Hərəkatının 60 illiyini qeyd edib
28.10.2021 [10:46] - Xəbərlər, Siyasət
Azərbaycan sədrliyi çərçivəsində Qoşulmama Hərəkatına yeni həyat verdi, onu daha da canlandırdı. Qoşulmama Hərəkatı adından göründüyü kimi daim hərəkətdə olmalıdır. Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama Hərəkatı daim hərəkətdədir.

Bu fikirlər Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının 60 illik yubileyinə və Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbirdə səsləndirilib.

Ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş yubiley tədbirində UNESCO baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko, eləcə də qurumda akkreditə olmuş müxtəlif ölkələrin, xüsusilə də Qoşulmama Hərəkatına üzv ölkələrin səfirləri, diplomatları iştirak ediblər.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, UNESCO baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko, Qoşulmama Hərəkatının ilk konfransı keçirilmiş Serbiyanın UNESCO yanında daimi nümayəndəsi, səfir Tamara Rastovac Siamaşvili və Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri çıxış edərək, qurum haqqında və ölkəmizin sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslərdən danışıblar. Azərbaycanın qurumun ən fəal üzvü olduğu qeyd edilib.

Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığını deyən səfir Elman Abdullayev bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri”nin Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi məqsədilə Qoşulmama Hərəkatının Təmas qrupu ölkələrinin Zirvə görüşünün keçirildiyini, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırıldığını xatırladıb.

“Bildiyiniz kimi Azərbaycan 2021-2025-ci illər üçün İcra Şurasına namizədliyini təqdim edib. Sizin dəstəyinizlə seçildiyi təqdirdə Azərbaycan Qoşulmama Hərəkatı ölkələri və beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birgə işləyəcəkdir. İcra Şurasında konsolidasiya edilmiş birgə səylərimizin ümumi işimizə xidmət etməsini, eləcə də təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitəsilə sülh mədəniyyəti, kasıblığın aradan qaldırılması, davamlı inkişafı təşviq etmək kimi nəcib missiyasında UNESCO-nu dəstəkləmək üçün müsbət rol oynayacağını təmin edəcəkdir”, - deyə səfir E.Abdullayev vurğulayıb.

UNESCO baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Eduard Matoko və çıxış edən digər səfirlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirdiyi layihələrə toxunaraq, ölkəmizin Hərəkata yeni həyat, yeni nəfəs verdiyini, onu canlandırdığını diqqətə çatdırıblar. Ölkəmiz tərəfindən həyata keçirilmiş layihələrə toxunublar.

Tədbir Malidən olan Şek Tidyan Sekin rəhbərlik etdiyi caz qrupunun konserti ilə davam edib.

Tədbir iştirakçıları Mədəniyyət Mərkəzində nümayiş olunan Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin əsərlərinin mövzuları əsasında hazırlanmış miniatürlərlə tanış olublar.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib və bu məqsədlə dünyanın bir çox ölkələrində, eləcə də Fransada böyük şairin xatirəsi anılır.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed