Şrift:
Vətən müharibəsi qazisi: Biz bu Zəfəri xalqla dövlətin birliyi sayəsində qazandıq
28.10.2021 [11:15] - Xəbərlər, Sosial
Vətən müharibəsindən əvvəl özəl sektorda işləyirdim. Sentyabrın 21-də, hələ döyüşlər başlamadan könüllü olaraq hərbi xidmətə yazıldım. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdim və artıq sentyabrın 27-dən Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərə qatıldım. Yəni, axşam işdən evə gəldim, gördüm ki, səfərbərlik elan edilib və hərbi xidmətə yollandım. Heyifsiləndiyim tək məqam odur ki, Qələbə gününə qədər ön cəbhədə ola bilmədim. Oktyabrın 5-də yaralandım.

Bunu müsahibəsində “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qazisi Qiyas Məmmədli bildirib.

1995-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olan qazimiz yaralandıqdan sonra bir müddət Azərbaycanda müalicə aldıqdan sonra “YAŞAT” Fondunun xətti ilə Türkiyəyə aparılıb: “Oktyabrın 1-də artıq biz öz torpaqlarımızda olan düşmən səngərinə girmişdik. Oranın mühafizəsi zamanı əks tərəfdən basqın oldu və ağır artilleriyadan atılan atəş nəticəsində ayağımdan yaralandım. Bölgədə yağan güclü yağış və gedən döyüş səbəbindən təxliyəm xeyli vaxt aldı. Qan itirmədən artıq arteriya damarım qopmuşdu. Bud sümüyümdə də sınıq var idi. Huşumu orada itirmişəm. Gözümü açdıqda isə artıq Bakıda, Silahlı Qüvvələrin Baş Hərbi Klinik Hospitalında idim. İndiyədək üç əməliyyat keçirdim. İxtisaslı müalicəm Azərbaycanda aparıldı. Həm hospitalda, həm də fizioterapiya mərkəzində. Sonra isə müalicəmin qardaş Türkiyədə davam etdirilməsi üçün “YAŞAT” Fonduna müraciət etdik. Sağ olsunlar onlar da göndərdilər. Oktyabrın 12-də Türkiyəyə gəldim. Hazırda müalicəm burada davam etdirilir”.

Əldə edilən bu tarixi Qələbə münasibətilə bütün xalqımızı təbrik edən qazimiz deyib: “Biz bu Zəfəri xalqla dövlətin birliyi sayəsində qazandıq. Əgər mən ön cəbhədə silahla dayanmışamsa, arxa cəbhədəkilər də az xidmət göstərməyiblər. O günlər cəbhəyə xidmət etmək üçün hamı səfərbər olmuşdu. Bu Qələbənin əldə olunması üçün istər ön, istərsə də arxa cəbhədə hər kəs əlindən gələni edib. Bax, əsl səfərbərlik budur. Bununla biz bütün dünyaya birliyimizi nümayiş etdirdik. Elə bu səbəbdən də Müzəffər Ali Baş Komandanımız torpaqlarımızın geri qaytarılması üçün aparılan 44 günlük mübarizəni Vətən müharibəsi adlandırdı. Vətənimə xidmət etdiyim və bu yolda qazi olduğum üçün fəxr edirəm. İndi Türkiyədəyik, qismət olsa Zəfər gününü Vətəndə qeyd edərik, olmasa da elə bura da bizim ikinci Vətənimizdir. Bizi nəzərə alaraq Prezidentimiz İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” Fonduna ianə edən hər bir kəsə öz minnətdarlığımı bildirir, haqlarını halal etmələrini istəyirəm”.

YAŞAT Fondu - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondudur. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 144 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 98-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed