Şrift:
ERE telekanalında Qarabağ münaqişəsinin başa çatmasına həsr edilmiş veriliş yayımlanıb
01.11.2021 [10:19] - Xəbərlər, Siyasət
Fransanın ERE televiziya kanalında “Aktual mövzu” verilişində İkinci Qarabağ müharibəsinin başa çatmasının və üçtərəfli Bəyannamənin imzalanmasının 1-ci ildönümünə həsr olunmuş veriliş yayımlanıb.

Verilişdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və “Fransa Müsəlmanları” informasiya agentliyinin baş redaktoru Jan-Mişel Brun iştirak ediblər.

Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı, stabilliyi, eləcə də ölkəmizin mövqeyi ilə bağlı fikirləri səsləndirilib.

Bir saata yaxın müzakirələr zamanı ölkəmizin səfiri İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regiondakı vəziyyət, Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətləri, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması perspektivləri barədə dinləyicilərə məlumat verib.

Səfir münaqişədən sonrakı dövrün əsas problemlərindən ətraflı danışaraq, minaların təmizlənməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, I Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi, mövcud blokların açılması və yenidənqurma işlərindən danışıb. Yeni nəqliyyat kommunikasiyalarının yaradılması, Qarabağda yaşayan hər iki icmanın sakinləri olan Azərbaycan vətəndaşları arasında etimadın yaradılması tədbirlərinin gücləndirilməsi, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyinə toxunub.

ATƏT-in Minsk qrupuna münasibətlə bağlı sualı cavablandırarkən, səfir onun fəaliyyətinin yeni regional reallıqlara tez uyğunlaşmasının vacibliyini vurğulayıb.

“Münaqişə həll olunub və tarixdə qalıb, Azərbaycan ərazilərinin statusu məsələsi isə ölkəmizin Konstitusiyası ilə tənzimlənir. Azərbaycan quruluşuna görə unitar ölkədir, toxunulmazdır və bölünməzdir. Dağlıq Qarabağ anlayışı artıq keçmişdə qaldı, daha mövcud deyil”,- deyə səfir diqqətə çatdırıb. Ölkəmizin Fransadakı diplomatik missiyasının rəhbəri Fransanın mərkəzi və regional hakimiyyət orqanlarını Azərbaycanın inzibati bölgüsünə hörmətlə yanaşmağa çağırıb. Respublikamızın 11-i keçmiş münaqişə zonası olmaqla 66 inzibati rayondan ibarət olduğunu bildirib.

Müzakirələr zamanı səfir bəzi fransız siyasətçilərinin Qarabağa qarşı qondarma Azərbaycan-Türkiyə təcavüzü ilə bağlı açıqlamalarını tənqid edib. Qeyd edib ki, bu məntiqdən çıxış etdikdə, Fransa müqavimət hərəkatının lideri Şarl de Qollun 1944-cü ilin iyununda işğal olunmuş Fransanı azad etmək istiqamətində hərəkətləri 1940-1944-cü illərdə Fransanı işğal altında saxlayan faşist alman rejiminə qarşı təcavüz kimi qəbul edilməlidir.

Verilişin aparıcısının Azərbaycan-Fransa münasibətlərinin vəziyyəti ilə bağlı sualını cavablandıran səfir işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi məqsədilə Fransanın Azərbaycana maliyyə yardımı etmək qərarını yüksək qiymətləndirib. Bu qərarı təkcə mühüm humanitar akt kimi deyil, həm də ikitərəfli münasibətlərin normallaşmasına yönəlmiş ciddi siyasi jest kimi dəyərləndirib.

Müzakirə zamanı Jan-Mişel Brun Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşmüş, xüsusilə də ölkəmizdəki tolerantlıq mühitini, Azərbaycan dünyəviliyinin inklüziv xarakterini vurğulayıb. O, Fransa mətbuatında Ermənistan-Azərbaycan münaqişəsinin və İkinci Qarabağ müharibəsinin işıqlandırılmasının qərəzli xarakter daşıdığını qeyd edərək, bu cür qərəzli yanaşmanın Fransanın imicinə və Cənubi Qafqazın strateji əhəmiyyətli regionundakı mövqelərinə xələl gətirdiyini bildirib.

“Ağdamda və Füzulidə gördüklərim göstərir ki, erməni işğalının məqsədi təkcə torpaqları zəbt etmək deyil, həm də Azərbaycan xalqının mədəniyyətinin bütün izlərini məhv etmək olub”,-deyə J.-M. Brun vurğulayıb.

ERE telekanalı müsahibələr zamanı Ağdam və Füzulidə baş verən dağıntıları, Ermənistanın işğalı nəticəsində Azərbaycanın şəhər və kəndlərinə, mədəniyyət abidələrinə dəymiş ziyanı, dağıdılan məscid və mədəniyyət abidələrini əks etdirən video yayımlayıb.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed