Şrift:
Zəfər yolunun qəhrəmanı
01.11.2021 [10:25] - Xəbərlər, Sosial
Xətai rayonunda Vətən müharibəsi şəhidi, baş leytenant Həsən Rzazadənin abidə kompleksi aç

Oktyabrın 31-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabanda Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi, baş leytenant Həsən Vüqar oğlu Rzazadənin məzarını ziyarət ediblər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, savaşın başladığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarına layiqincə cavab verərək, onları torpaqlarımızdan qovdu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zaman kəsiyində - 44 gün ərzində möhtəşəm Zəfər qazandıq. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını 30 il gözlədik. Ermənistan əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun fərqində idi. Çünki torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı, istənilən yolla bu ərazilərimizi azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdik. 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik”.

Mərasimdə Xalq artisti Əli Nur, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, xalqımızın birliyindən danışıblar. Onlar Vətənə həsr olunan şeirlər səsləndiriblər.

Mərasimdə Həsən Rzazadənin döyüş yoldaşı, baş leytenant Ramaldan Ramaldanov, ehtiyatda olan polkovnik-leytenant Novruz İsmiyev çıxış edərək bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğalçı Ermənistanı diz çökdürüb, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoyub. Onlar şəhid Həsən Rzazadənin qəhrəmanlığından söz açaraq bildiriblər ki, belə igidlərin həyat yolu dərindən öyrənilməli və hər bir gəncə örnək olmalıdır. Şəhidin atası Vüqar Rzazadə mərasimdə çıxış edərək Həsənin qəhrəmanlığından, vətənpərvərliyindən söz açıb, oğlu ilə bağlı xatirələrini bölüşüb.

Mərasimdə məktəblilər Vətən haqqında şeirlər səsləndirib, şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklillər, tər gül dəstələri düzülüb.

Sonra mərasim iştirakçıları Xətai rayonundakı İlqar Zülfüqarov küçəsi 2942 a ünvanında şəhid Həsən Rzazadənin memorial abidə kompleksinin açılışında iştirak ediblər.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək vurğulayıb ki, Azərbaycana qarşı bir çox təzyiqlər olmasına baxmayaraq Prezident İlham Əliyev müstəqil siyasət yürüdərək ölkəmizin inkişafı naminə yorulmadan çalışır: “Bu gün Azərbaycanın düşmən işğalından azad edilmiş ərazilərində böyük abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir. Eləcə də Zəngilan rayonunda abadlıq-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Bu rayonda, həmçinin ən müasir dünya standartlarına uyğun olaraq Zəngilan Beynəlxalq Hava Limanı inşa olunur. Bir neçə gün əvvəl Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi oldu. Bu hava limanı ən müasir standartlara uyğun şəkildə və qısa zaman ərzində inşa olunub. Yaxın zamanlarda qaçqınlarımız və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar”.

R.Həsənov söyləyib ki, Həsən kimi qəhrəman Vətən övladlarının şücaəti, igidliyi sayəsində 44 günlük müharibədə layiqli Qələbə qazandıq: “Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, onların ruhu qarşısında baş əyirəm. Cəsarətli, vətənpərvər övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə minnətdarlığımı bildirirəm”.

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söyləyib ki, bu gün qəhrəmanlıq tariximizi yaşadan şəhidimiz Həsənin əziz xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasiminə toplaşmışıq: “Onun kimi qəhrəman Vətən oğullarının sayəsində Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Zaman keçdikcə bu qəhrəmanlarımız haqqında filmlər çəkiləcək, oçerklər, poemalar, romanlar yazılacaq. Onlar gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsində özlərinin əvəzolunmaz rollarını bir daha təsdiq edərək şəxsi nümunələr göstərmiş tarixi şəxsiyyətlər cərgəsinə qoşulmuşlar. Bu baxımdan əminliklə demək olar ki, hər bir şəhidimiz qanı və canı ilə Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib. Məhz belə şəhidlərimiz haqqında çox gözəl və yerində deyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”

V.Rəhimzadə qeyd edib ki, bu insanlar ərazi bütövlüyümüzün bərpası naminə canlarını fəda etdilər, bir xalq olaraq bizim milli qürurumuzu, qeyrətimizi, Vətənə, dövlətə bağlılığımızı sübut etdilər: “Ona görə də bu insanlar hər bir azərbaycanlının, Azərbaycanı sevən insanların qəlbində əbədi yaşayacaqlar. Bu insanlar bizim hər birimizin həyatında müstəsna rol oynayan igidlərimizdirlər. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Belə igidləri böyütdüklərinə görə onların valideynlərinə təşəkkür edirəm. Onlar da övladları kimi qəhrəman insanlardır. Belə qəhrəman insanların - şəhidlərin valideynlərinin qarşısında baş əyirəm. Bizim hər birimiz qürur hissi keçiririk ki, tarixən belə qəhrəman oğullarımız olub və bu gün də var. Qəhrəman şəhidlərimiz, qazilərimiz Azərbaycan tarixində müstəsna, misilsiz xidmətlər göstəriblər. Ordun varsa, yurdun var, deyiblər. Həqiqətən də bu yurdun qorunmasında müstəsna xidmətlər göstərən rəşadətli ordumuzun igid əsgər və zabitləri Ali Baş Komandanın ətrafında xalqla birlikdə dəmir yumruq kimi birləşərək mənfur düşməni məhv etdilər. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu böyük şücaət göstərərək qəhrəmanlıq tarixi yazdı.”

V.Rəhimzadə bildirib ki, bu gün bizim qarşımızda duran ən müqəddəs vəzifələrdən biri odur ki, bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşərək Azərbaycanı daha qüdrətli, daha güclü dövlətə çevirək: “Bu hədəfimizə nail olsaq, təbii ki, şəhidlərimizin də ruhu şad olacaq. Həmçinin bu məqam hər birimizin öz vətəndaşlıq missiyamızı ləyaqətlə yerinə yetirməyimizin sübutu olacaq. Bu, dövlətimizin dünya birliyində daha da layiqli yer tutmasına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar əsrlər boyu Azərbaycan tarixində yaşayacaq insanlardırlar. Bir daha xüsusi vurğulayıram ki, şəhidlərimiz böyük qəhrəmanlıq nümayiş etdirdilər, Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın ətrafında sıx birləşdiyini sübut etdilər. Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı bu birliyə dəstək olmaqla öz mövqeyini ortaya qoydu. Düşünürəm ki, şəhidlərin qəhrəmanlıqlarla zəngin həyat yolları hər kəs üçün nümunə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Həsənin döyüş yoldaşı, mayor Anar Kazımov çıxışında vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmadı: “Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Həsən qardaşımız da ilk gündən bizimlə bir yerdə çiyin-çiyinə döyüşüb. Onun göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm.”

Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, abidə kompleksinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed