Şrift:
"Türkiyə-Azərbaycan münasibətləri siyasi-hərbi müstəviyə keçirməlidir" - Partiya sədri
06.11.2021 [00:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"İstərdim ki, Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiya gələcəkdə konfederasiya formasını alsın”.

Bunu Qaynarinfo-ya açıqlamasında Belarusla Rusiyanın imzaladıqları və daha sıx əlaqəni nəzərdə tutan müttəfiq dövlətlər haqqında dekret fonunda Azərbaycanla Türkiyənin də daha sıx inteqrasiyası vacibliyindən danışarkən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Partiya sədri bildirib ki, Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanan sənədə istinad etməklə iki ölkə arasında dərin inteqrasiya mümkündür:

"Bakı və Ankara mədəni və iqtisadi münasibətlərini hərbi-siyasi müstəviyə keçirməlidir. Bu iki ölkə arasında həyatın bütün sahələrində dərin inteqrasiya baş verməlidir. Türkiyə ilə Azərbaycan arasında münasibətlər təbii ki, Belarus-Rusiya münasibətlərindən fərqlənir. Moskva sadəcə Belarusu öz əsarəti və nəzarətində saxlamaq baxımından müqavilə çətiri altında bu işi görür. Azərbaycanla Türkiyənin isə həyatı mənafeləri var və onların bir yerdə olması qardaşlıq münasibətlərindən doğur. Bakı ilə Ankaranın xarici və təhlükəsizlik siyasəti uzun müddətdir ki, koordinasiya olunur. Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanan sənədə istinad etməklə də iki ölkə arasında dərin inteqrasiya mümkündür. Şuşa bəyannaməsinin özü də əslində ciddi təhlükəsizlik faktıdır”.

Fərəc Quliyev hesab edir ki, prosesin gedişində Türkiyə və Azərbaycan ortaq ordu yarada bilər:

"Həmçinin digər türk cümhuriyyətlərilə birlikdə Belarusla Rusiyanın yaratdığı ittifaqdan da daha dərin inteqrasiyaya getməliyik. Çünki dünya dəyişib. Artıq oyunçuların yeri dəyişib. Yeni sistem qurulur. İdarə edənlər və idarə olunanlar ayrılır. Belə məqamda türk dövlətləri arasında dərin inteqrasiya prosesi zəruridir”.

Qeyd edək ki, ötən gün Rusiya və Belarus müttəfiq dövlətlər haqqında dekret imzalayıb. Sənəddə iki ölkə arasında inteqrasiyanı dərinləşdirən 28 proqram və müttəfiq dövlətlər haqqında sazişin 2021-2023-cü illər üçün nəzərdə tutulmuş müddəaları əks olunub.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed