Şrift:
Çin Xalq Respublikasında Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
09.11.2021 [10:31] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir keçirilib.

Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşlarının, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın, Azərbaycanın müxtəlif qurumlarının Çindəki nümayəndələrinin iştirak etdikləri tədbirdə dövlət himnimiz oxunub, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Gününün Azərbaycan tarixindəki xüsusi yerindən, həmin əlamətdar hadisəyə aparan yoldan danışan səfir Əkrəm Zeynallı bildirib ki, hələ Sovet dövründə Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Heydər Əliyev milli zabitlərin yetişməsi üçün Bakıda hərbi məktəbin açılmasına nail olmuşdu. Ulu öndər 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra müstəqilliyin möhkəmləndirilməsi, dövlət quruculuğu iqtisadiyyatın inkişafı ilə yanaşı, Silahlı Qüvvələrimizin yenidən qurulması məsələsinə xüsusi diqqətlə yanaşıb. Bu məsələdə qardaş Türkiyə ilə əməkdaşlıq, Azərbaycan zabitlərinin Türkiyənin hərbi məktəblərində təhsil alması, Azərbaycan ordusunun bölmələrinin Türkiyənin dəstəyi ilə NATO standartlarına uyğunlaşdırılması prosesi davamlı həyata keçirilib.

Səfir Ə.Zeynallı Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin digər sahələrdəki siyasəti ilə yanaşı, ordu quruculuğu kursunu da davam etdirərək, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, gənc nəslin vətənpərvər ruhda böyüməsini diqqətə saxladığını bildirib. Bu işlərin nəticəsidir ki, “Dəmir yumruq” adı altında 44 gün davam etmiş Vətən Müharibəsində ərazilərimizin 30 illik işğalına son qoyuldu, Azərbaycan ərazi bütövlüyü təmin olundu, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrini yerinə yetirdi.

Səfir Əkrəm Zeynallı Vətən Müharibəsində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan üçün xüsusi önəm daşıdığını, qazanılan Zəfərin Azərbaycan-Türkiyə qardaşlığının bəhrəsi olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti nəticəsində qazandığımız Zəfər Azərbaycan tarixində yeni dövr açdı, bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Bütün bunlar dünyanın hər bir yerində yaşayan azərbaycanlıların sevincinə və qüruruna səbəb oldu.

Türkiyənin Çindəki səfiri Abdulkadir Emin Önen böyük öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin xalqlarımızın dostluğu, qardaşlığı haqqında dedikləri fikirləri yada salaraq, Türkiyə dövlətinin və xalqının hər zaman olduğu kimi 2-ci Qarabağ Müharibəsində də Azərbaycanın yanında olduğunu, qazanılan Zəfərin sevincini bölüşdüyünü bildirib.

Zəfərdən sonra regionda yeni reallıqlar, əməkdaşlıq üçün yeni imkanlar yarandığını vurğulayan diplomat, Azərbaycanın işğal dövründə tamamilə dağılan ərazilərin sürətlə bərpasına başladığını, bu işlərə Türkiyə şirkətlərinin cəlb olunmasının da qardaşlıq və həmrəylik nümayişi olduğunu deyib.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki döyüş əməliyyatlarına, qəhrəman şəhidlərimizə, Azərbaycan-Türkiyə qardaşlığına aid videolar, musiqi parçaları nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed