Şrift:
ABŞ-da Azərbaycanın Zəfər və Dövlət Bayrağı günləri qeyd olunub
12.11.2021 [11:10] - Xəbərlər, Siyasət, Diaspor
ABŞ-ın Florida ştatının Mayami şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçiril

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida–Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Mayamidəki baş konsulu Burç Ceylan, Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatları Mahmud Mahmudov, Toğrul Əliyev, Florida ştatının Sanni Ayls Biç (Sunny Isles Beach) şəhərinin meri Larisa Sveçina və şəhər administrasiyasından Kris Russo, Dana Qoldman və Aleks Lama, Floridada fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi icmasının fəalları iştirak ediblər.

Tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova qonaqlara Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa yaşatdığı Qarabağ sevincindən, Azərbaycan Ordusunun şücaətindən bəhs edib. Daha sonra qonaqlar tarixi Qələbəmizdən bəhs edən film izləyiblər.

Tədbirdə çıxış edən F.Muradov Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Vətən müharibəsindən danışıb, həmin dövrdə Azərbaycan xalqının öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini deyib. Komitə sədri Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə Florida ştatında yaşayan diaspor fəallarına minnətdarlığını bildirib. İlk dəfədir ki, Florida ştatında olduğunu deyən F.Muradov ştat rəhbərliyinin Azərbaycan icması ilə sıx əlaqədə olduğunu gördüyü üçün sevinc hissi keçirdiyini deyib.

Tədbirdə çıxış edən B.Ceylan görkəmli dövlət xadimi Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını xatırladaraq parlaq Zəfər Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib. Qarabağın hər zaman Azərbaycana məxsus olduğunu, Mayami şəhərində yerləşən Türkiyə Baş Konsulluğunun binasında Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının qoşa dalğalandığını və bu birliyin əbədi olacağını bildirib. Diplomat, Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin "Bir ananın iki oğlu" şeirini söyləyib.

Çıxışında özünü Azərbaycanın dostu adlandıran Florida ştatının Sanni Ayls Biç şəhərinin meri Larisa Sveçina deyib: “Sevinc hissi ilə gözəl Azərbaycan icmasını təbrik edirəm. Filmdə Azərbaycanın nə qədər gözəl bir ölkə olduğunu izlədim. Bilirdim ki, tarix boyu Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan, həm də əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyardır. Meri olduğum şəhərin Azərbaycan icmasına ev sahibliyi etməsindən qürur hissi keçirirəm”.

Tədbirin sonunda qonaqlara Azərbaycanın müxtəlif guşələrinin, tarixi məkanlarının simvolu olan hədiyyələr təqdim olunub. Tədbirdə Azərbaycanın milli musiqiləri ifa edilib, qonaqlar birlik və həmrəylik rəmzi olan "Yallı" rəqsini oynayıblar.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed