Şrift:
Yunanıstanda açılan beynəlxalq turizm sərgisində ölkəmiz də təmsil olunub
18.11.2021 [10:07] - Gündəm, Mədəniyyət
Salonikidə keçirilən “36-cı Philoexenia” adlı beynəlxalq turizm sərgisində Azərbaycanın Yunanıstandakı Səfirliyin stendi qurulub və ölkəmizin turizm potensialını təbliğ edən, həmçinin tarixi və mədəniyyəti əks olunmuş broşür və kitablar, suvenirlər, o cümlədən milli şirniyyatlar ziyarətçilərə təqdim olunub, ölkəmiz barədə videoçarxlar nümayiş edilib.

Sərgidə 27 ölkə təmsil olunub, 19 ölkənin kommersiya şirkətləri alıcı qismində iştirak ediblər. Tədbiri təşkil edən “Helexpo” şirkətinin verdiyi məlumata əsasən, sərgiyə qatılanların 45 faizini iş adamları və müxtəlif şirkətlərin nümayəndələri təşkil edib. Səfirlik tərəfindən 2019-cu ildə sözügedən sərgidə iştirak çərçivəsində qurulmuş əlaqələrin bərpası məqsədilə bir sıra məhsuldar görüşlər keçirilib. Yunanıstanın Şimal bölgəsində yerləşən ən böyük “outgoing” turizm şirkəti – “Zorpidis Group” ilə ölkəmizə səfərə dair tur-paketlərin şirkətin internet səhifəsində yerləşdirilməsinə dair vəd verilib, Azərbaycandan turizm şirkəti ilə birbaşa əlaqə təmin olunub. İtaliyanın “Go4sea” şirkəti tərəfindən ölkəmizə turların təşkil edilməsi məqsədilə ilkin razılıq əldə olunub və bu məqsədlə Azərbaycandan maraqlı turizm şirkətləri ilə birbaşa əlaqələr yaradılıb. Serbiyanın “Putnik” turizm şirkətinin müraciəti əsasında Azərbaycana turların təşkil edilməsi məqsədilə Azərbaycandan müqabil şirkətlə birbaşa əlaqə təmin edilib. Həmçinin, Misirin “Manal” şirkəti ilə ölkəmizdən maraqlı tərəflə əlaqə qurulub və sözügedən şirkətin internet səhifəsində yerləşdirilməsi məqsədilə Azərbaycanın turizm potensialını təbliğ edən video-çarx təmin edilib. Təşkil olunan sərgidə səfirliyə Azərbaycan Dövlət Turizm Agentliyi və “Qala Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti” tərəfindən dəstək göstərilib. “Philoxenia” turizm sərgisi zamanı ziyarətçilər tərəfindən ölkəmizin stendinə geniş maraq göstərilib. Həmçinin, sərgiyə qatılan tələbələr tərəfindən ölkəmizdə təhsil imkanları barədə məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed