Şrift:
Fərəc Quliyev:Xankəndiyə girmək qətiyyən doğru deyildi
27.11.2021 [23:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ötən ilin noyabrında, Azərbaycan ordusunun Şuşanı azad edərək 44 günlük müharibədə zəfər əldə etməsindən və regiona Rusiya sülhməramlılarının daxil olmasından əvvəl Xankəndidə cəmi 7 nəfər qalıbmış. Bu barədə “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Reportaj “rusların ənənəvi olaraq Qafqazda xristianları xilas etməsi” tezisi üzərində qurulub. Müharibədən əvvəl 60 min nəfərin yaşadığı deyilən Xankəndidə ötən ilin noyabrında cəmi 7 nəfərin qaldığını isə rusiyalı jurnalistə özünü “artsax xarici işlər naziri” adlandıran David Babayan danışıb. Onun dediyinə görə, həmin 7 nəfər qondarma “prezident” Araik Arutyunyandan və mühafizəçilərindən, bir də Babayanın özündən ibarət imiş...

Göründüyü kimi indi məlum olur ki, Azərbaycan Ordusu Şuşanı azad etdiyi günlərdə Xankəndi tamam boşalıbmış. Ermənilər bu şəhərdən qaçıbmış. O vaxt ordu hissələrimiz Xankəndiyə girsəydi, demək, o tarixi şəhərimizi asanlıqla işğaldan azad edə, məsələni yoluna qoya bilərmiş.

Düzdür, həmin ərəfədə və ondan sonra deyilirdi ki, Azərbaycan Xankəndiyə girsəydi, Qərb bunu soyqırım və işğalçılıq kimi qiymətləndirib, Azərbaycanın əleyhinə beynəlxalq miqyaslı PR aparar, qətnamələr çıxarardı. Bəs bugünkü reallıqlardan baxdıqda biz 2020-ci ilin noyabrın 7-8-də Xankəndiyə girməliydikmi? O qədim Azərbaycan şəhərini götürsəydik, vəziyyət necə olardı?

Fərəc Quliyev: “Ora girmək qətiyyən doğru deyildi”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev o vaxt verilən qərarı tam doğru sayır: “İndi də o fikirləri bölüşürəm ki, ora girmək qətiyyən doğru deyildi. Azərbaycan tam zamanında dayandı. Bizim əldə etdiyimiz nailiyyətləri əlimizdən almağa çalışırdılar. Planlar qurulmuşdu. Bakıya və növbəti dəfə Gəncəyə ballistik raketlərin atılması planlaşdırılırdı. Yaxşı xatırlayın, həmin vaxt BMT-də ölkəmizə qarşı sanksiya qəbul etmək istəyirdilər. Amma İngiltərə bu məsələdə veto qoydu. Azərbaycanı əzmək üçün hər bir qüvvə hazırlaşmışdı. Nailiyyətlərimiz əlimizdən alınacaqdı. Prosesləri bütünlüklə bitirmək imkanlarımız var. O vaxt Xankəndidə zorla 1700-ə qədər erməni saxlamışdılar. Yolları bağlamışdılar. 70-ə qədər də xarici jurnalist saxlanılmışdı. Həmin insanların PKK/ASALA tərəfindən güllələnməsi nəzərdə tutulurdu. Azərbaycan Ordusu ora daxil olan kimi bu proses gerçəkləşəcəkdi. Bu, tarixə etnik təmizləmə kimi düşəcəkdi. Bununla ölkəmizə qarşı çox ağır sanksiyalar işə düşəcəkdi. Bunun başqa yolu yox idi. Dayanmasaydıq, Kəlbəcər, Laçın və Ağdamın qalan hissələrinin döyüşsüz alınması mümkünsüz olacaqdı. On minə qədər şəhid verə bilərdik. Bütün bunları nəzərdən keçirəndə atılan addımın nə qədər doğru olduğu görünür. Hərbi sahədə lazım olan hər şeyi etdik. Qalan məsələləri diplomatik yolla həll etməliyik. Biz istəsək nəinki Xankəndinə, Zəngəzura belə girə bilərik. Amma nəticələrinin nə olacağını indidən hesablamaq çətin deyil. Addım-addım prosesləri gerçəkləşdiririk. Şərtlər o zaman onu diktə edirdi ki, qazandığımız nailiyyətləri qoruyub saxlayaq”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed