Şrift:
Elyar Makuyi: «Güney Azərbaycanın istiqlalı cəza evlərindən keçir»(Müsahibə)
28.12.2012 [13:14] - Müsahibə, Güney Azərbaycan-Təbriz
«Qadın fəalların da milli azadlıq hərəkatında xüsusi rolu var»
Müsahibimiz əslən Xoydan olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Elyar Makuyidir. O, həmçinin Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvüdür. Həmsöhbətimizlə daha yaxından tanış olaq.
- Özünüz haqqınızda məlumat verərdiniz.
- 1984-cü ildə Xoyda doğulmuşam. Orta məktəbi də bu şəhərdə bitirib İsfahan Universitetinə daxil olmuşam.
- İxtisasınız nədir?
- Gəmi inşaatı mühəndisliyi ixtisası üzrə ali təhsil almışam. İranda təhsil sistemi fərqlidir. Hansı ali məktəbdə oxuyacağınıza təhsil sistemi qərar verir. Hansı universitetə göndərsələr, orada da oxumalısınız. Məni də İsfahan Universitetinə göndərdilər.
- Ali təhsilinizi bitirib diplomunuzu ala bildiniz?
- Bəli, ali təhsilmi başa vurdum. Tələbəlik illərimdə iki dəfə həbs olundum. İranda həbs edildiyi üçün universitetdən qovulan tələbələr də olur. Məni isə qova bilmədilər. Həm qiymətlərim yüksək idi, həm də dostlarım müxtəlif saytlarda haqqımda yazaraq təbliğatımla məşğul oldular. Bu səbəblərdən universitetdən qova bilmədilər. Amma qeyd etdiyim kimi, təhsili yarımçıq qalan milli fəallar da var.
- O zaman hərəkatdakı fəaliyyətinizin təhsilinizə heç bir təsiri olmadı?
- Oldu. Universiteti bitirsəm də, təhsilimə doktoranturada davam edə bilmədim. Mənə şərt kəsdilər ki, ya milli fəaliyyətinə son qoy, ya da təhsilini davam etdirməyinə icazə verməyəcəyik.
- Bunu hansı yolla etməyiniz tələb olunurdu?
- Yazılı istəyirdilər. Yazmalı idim ki, daha GAMOH-da fəaliyyət göstərməyəcəyəm. Mən isə bunu etmədim. Bu baxımdan təhsilimi davam etdirə bilmədim. Mənim kimi doktoranturada təhsil alması qadağan edilən başqa fəllar da var.
- İranda GAMOH-a üzv olmaq qadağandır?
- İran qanunvericiliyinə əsasən, hakimiyyətə qarşı fəaliyyət göstərən təşkilatlara üzv olmaq qadağandır. Kim belə bir təşkilata üzv olsa, 3 aydan 3-5 ilədək həbs cəzasına məhkum edilə bilər. Eyni zamanda İranda GAMOH-a üzv olmaq yasaqdır. Adətən, GAMOH üzvləri təşkilata üzv olduqları üçün 3 aydan 1 ilədək azadlıqdan məhrum edilirlər.
- Sizə həbs ediləndə hansı cəza verildi?
- Mən 22 may 2006-cı ildə (Xordad hadisələri) həbs edildim. Bildiyiniz kimi, «İran» adlı rəsmi dövlət qəzeti Azərbaycan türklərini təhqir etmişdi. Buna etiraz olaraq minlərlə soydaşımız aksiyalara qatıldı. O zaman xeyli fəal həbs edildi. Onlardan biri də mən oldum.
- Həbs ediləndə hansı şəhərdəydiniz?
- Urmiyada. O zaman 6 ay şərti həbs cəzası aldım. Güney Azərbaycan Öyrənci Hərəkatının (AZOH) saytını işlədirdik. Buna görə isə 2007-ci ildə yenidən həbs edildim. Mənimlə birgə başqa fəallar da tutuldu. Hər birimizə 4 il həbs cəzası verildi. Onun 2 ili şərti azadlıqdan məhrumetməydi.
- Nə qədər həbsdə qaldınız?
- Bir il Təbriz həbsxanasında qaldım. Bundan öncə 2007-ci ildə həbs ediləndə isə «Ettelaat»da təkadamlıq kamerada saxlanıldım. Orada milli fəallara işgəncə də verirlər.
- Həbs ediləndə neçə yaşınız vardı?
- 21 yaşımda idim.
- Çox gənc olubsunuz. Belə bir gənc yaşda həbs oluna biləcəyinizi nəzərə almışdınız?
- Biz gənc olsaq da, bu hərəkatda uzun müddət olan təcrübəli milli fəallardan dəstək alırdıq, onlardan öyrənirdik. Bilirdik ki, hansı yolu gedirik və bizi nələr gözləyə bilər. Bu baxımdan həbsə də hazırlıqlı idik. Nə vaxtsa həbs edilə biləcəyimizi gözəyirdik. Mən yaxın günlərdə elə bu mövzuda bir yazı yazdım. Qeyd etdim ki, Güney Azərbaycanın istiqlalı cəza evlərindən keçir. Bu, həqiqətən də belədir. Məndən də daha gənc yaşda həbs edilənlər var. Məsələn, Fərdin Muradpur 17 yaşında tutuldu.
- Onu nə üçün həbs etdilər?
- Bildiyiniz kimi, Güney Azərbaycanda 35 milyondan çox soydaşımız milli və vətəndaş hüquqlarından məhrum yaşayırlar. O cümlədən də ana dilində təhsil almaq kimi ən təbii hüququmuz yoxdur. Ana dili günü Fərdin Muradpur Təbrizdə bir parkda «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!» şüarını səsləndirib. Buna görə də həbs edilib.
- Yalnız şüar dediyinə görə tutublar?
- Bəli. Ora İrandır, nə desəniz ola bilər.
- Bəs milli fəalların hərəkatdakı fəaliyyəti şəxsi həyatlarına necə təsir göstərir?
- Adətən, milli fəalar elə bu əqidədə olan bir xanımla ailə qururlar. Bu baxımdan hərəkatımızda boşanmalar xeyli azdır.
- Qadınların hərəkatda hansı rolu var?
- Güney Azərbaycandakı milli hərəkatda qadınlar da var. Demək olar ki, qadın fəallar da hərəkatın ayrılmaz parçasıdır. Onların da milli mübarizədə xüsus rolu var.
- Bəs Güney Azərbaycanda həbs edilən zaman GAMOH-a üzv olmağınızı necə bildilər?
- Mən gizli fəaliyyət göstərirdim. Buna baxmayaraq, təşkilata üzv olduğum məlum oldu. Biz GAMOH olaraq Güney Azərbaycanın istiqlaliyyətinə inanırıq.
- Fəaliyyətiniz nədən ibarət idi?
- Ana dilində təhsil əsas tələblərimizdən biridir. Eləcə də rejimdən Azərbaycan türklərinin digər haqlarını tələb edirik. Əsas funksiyalarımızdan biri isə millətimiz arasında milli oyanışa nail olmaqdır. GAMOH-un bayrağından rejim çox qorxur. Biz Güney Azərbaycanda bayrağımızı da müdafiə edirik. İndiyədək müxtəlif şəhərlərdə bayrağımızı dalğalandırmışıq.
- Sizcə, Güney Azərbacanda referendum keçirilsə, nəticəsi necə olacaq?
- Mənim fikrimcə, çoxluq Güney Azərbaycanın istiqlaliyyətinə səs verəcək. Güney Azərbaycanın azadlığı üçün istiqlaliyyət şərtdir. Bir vaxtlar federativik məsələsi də səslənirdirdi. Amma İran gerçəyindən xəbəri olan hər kəs bilir ki, başqa bir halda Güney Azərbaycan azadlığa və hüquqlarına qovuşa bilməyəcək. Yalnız müstəqillik qazanmaqla haqlarımızı təmin edə bilərik. Bu baxımdan Güney Azərbaycanın sabahını istiqlaliyyətə qovuşmuş görməyi arzu edirəm. Əvvəl müstəqillik, sonra isə tarixi və coğrafi Azərbaycanın bütövləşməsi baş verməlidir. Bütöv Azərbaycan qurulacaq.
- Bir az əvvəl bayraqdan söz açdınız. GAMOH-un bayrağı Azərbaycan Respubliksının bayrağından çox cüzi də olsa, nisbətən fəqlidir. Bütöv Azərbaycanın bayrağını necə görürsünüz?
- Məhəmməd Əmin Rəsulzadənin üçrəngli, ay-ulduzlu bayrağı bu gün Quzeyi təmsil edir. Çox təəssüf ki, hələlik İranın tərkibindəyik. Müəyyən səbəblərdən Güney Azərbaycanın istiqlaliyyətinə gedən yolda GAMOH-un fərqli bayrağı var. Lakin bir gün Bütöv Azərbaycan qurulanda təbii ki, dövlətimizin bir bayrağı — Rəsulzadənin bayrağı olacaq.
- Bu sizin şəxsi fikrinizdir, yoxsa GAMOH-un da mövqeyidir?
- Tək mənim deyil, çoxluğun fikridir. Bu bayraq hər zaman başımızın üstündə dalğalanacaq.

Turqut
Bu xəbər oxucular tərəfindən 1015 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed