Şrift:
"Küçədə üstümüzə tüpürürlər"- Əli Xamneyiyə yaxın molla insanların ruhanilərə olan qəzəbindən gileyləndi
10.01.2022 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvarın 7-də “İnstaqram” səhifəsində paylaşım edən Məhəmmədrza Zaeri insanlardan tez-tez söyüş eşitdiyini deyib.

O bildirib ki, küçədə gedərkən insanlar onun üstünə tüpürür, qorxmadan açıq-aşkar ruhaniləri söyürlər.

“Son 10 gündə küçədə gedərkən bir dəfə üstümə tüpürüblər. Bundan başqa bir neçə dəfə də məni təhqir edərək ağır söyüşlərlə söyüblər.

İnsanların bizə hörmətsizlik etməi bununla bitmir. İş o yerə çatıb ki, taksi sürücüləri də bizi mindirmirlər. Səbəbini soruşanda da “Mən axund mindirmirəm”, -deyə cavab verirlər.

Mən, bunu bilmələri və başa düşmələri lazım olan şəxslərə yazıram. Görəsən illərdir xalqın bizə olan nifrət və kin-küdurəti barədə etdiyimiz xəbərdarlıqdan azacıq da olsa xəbərləri var, yoxsa ki yox”, -deyə axund Məhəmmədrza Zaeri “İnstaqram” səhifəsində etdiyi paylaşımında bildirib.

Xatırladaq ki, Qum şəhərinin “Elmiyyə hövzəsi”nin Müdərrislər və Araşdırmaçılar Assosiasiyasının üzvü axund Məhəmmədtaqı Fazil Meybodi yanvarın 4-də mediaya açıqlamasında ölkə əhalisinin ruhanilərə qarşı nifrətinin gündən-günə artdığnı vurğulayıb:

“Bu gün mollalıq dərsi alanların əksəriyyəti xalqın söyüş və atmacalarını eşitməmək üçün küçəyə ruhani (molla) paltarı ilə çıxmırlar.

Belə ki, onlar küçəyə çıxanda və ya bazara və mağazaya girib nəsə almaq istəyəndə insanların verdiyi söyüşləri və onlara atdıqları atmacaları eşitməmək üçün imkan daxilində ruhani paltarını geyməməyə çalışırlar".

Məhəmmədtaqı Fazil Meybodi bildirib ki, İran cəmiyyətində insanların ruhanilərə olan baxış tərzi çox dəyişib və onlar bizə artıq pis gözlə baxırlar.

"Misal üçün axundlar taksiyə minəndə digər sərnişinlər onları söyür və ya atmaca atırlar.

Daha doğrusu, insanlar bu gün ölkəyə hakim ağır iqtisadi durumu, baş alıb gedən bahalığı və mövcud digər bütün problem və çətinlikləri axundların gözündən görürlər.

Təəssüflər olsun ki, islam inqilabından əvvəl xalqla ruhanilər arasında olan əvvəlki münasibətlər bu gün yoxdur və ona kəskin xələl gətirilib.

Bu münasibəti əvvəlki vaxtlara qaytarmaq isə bu asanlıqla mümkün deyil”, -deyə, axund Məhəmmədtaqı Fazil Meybodi bildirib.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed