Şrift:
Özbəkistan portalları 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayıb
21.01.2022 [10:10] - Xəbərlər, Sosial
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “tnews.uz” və ”azon.uz” portalları 20 Yanvar faciəsi ilə bağlı özbək və rus dillərində məqalələr çap edib.

Məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakıya yeridildiyi, bir gecənin içində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədildiyi vurğulanıb. Bildirilib ki, nəticədə 147 insan qətlə yetirilib, 638 nəfər yaralanıb, 5 nəfər itkin düşüb və 841 şəxs əsassız olaraq həbs edilib.

Yazılarda qeyd olunub ki, həmin gecə sovet ordusunun əsgərləri Azərbaycan xalqının azadlıq səsini boğmaq məqsədilə silahsız insanlara atəş açıb, günahsız adamlar öldürülüb, itkin düşüb və tutulub. Sovet imperiyası zaman-zaman azərbaycanlılara qarşı kütləvi qətllər və etnik təmizləmə siyasəti aparıb, erməniləri müdafiə edib.

Bildirilib ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.

Materiallarda sovet ordusu tərəfindən Bakıda və ölkəmizin bir sıra digər ərazilərində törədilmiş vəhşiliklər haqqında da söhbət açılır. Bu qanlı faciənin törədilməsinə görə başda Mixail Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərinin məsuliyyət daşıdıqları vurğulanır. Diqqətə çatdırılır ki, bu faciənin törədilməsi beynəlxalq hüququn normalarına ziddir. Belə ki, Bakıda 5.45 kalibrli zəhərli güllələrdən istifadə edilib və bu silahın istifadəsi də beynəlxalq qanunlarla qadağan olunub.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed