Şrift:
Azərbaycanın 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Avstraliyada da anılıb
21.01.2022 [10:21] - Gündəm, Sosial
Azərbaycanın 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Avstraliyada da təbir keçirilib, faciə qurbanlarının xatirəsi anılıb.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə onlayn formatda keçirilən tədbirdə çıxış edən assosiasiyanın sədri Mikayıl Oyta həmin günün Azərbaycanın milli-azadlıq mübarizəsindəki əhəmiyyətindən danışıb. Həmin gecə Sovet ordusu tərəfindən qətlə yetirilən şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildirib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən səfir Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov xalqımızın tarixi inkişaf yolu barədə məlumat verərək, ötən əsrin 80-ci illərinin ikinci yarısından etibarən Sovet İttifaqında baş verən ictimai-siyasi proseslərdən bəhs edib. 20 Yanvar faciəsinin arxa planında baş verən əsas hadisələri izah edib. Diplomat bildirib ki, keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun yarıtmaz siyasəti nəticəsində həmin vaxt Azərbaycana qarşı radikal separatçı meyllər açıq müstəviyə keçmiş, bütün bu cəhdlər Ermənistan ərazisində öz tarixi dədə-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı zorakılıqla müşayiət olunmuşdur.

R.Qurbanov bildirib ki, həmin hadisələrin davamı kimi, Sovet rəhbərliyi Azərbaycan xalqını öz haqlı tələblərindən çəkindirmək üçün 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qanlı cinayət törətmişdir. Diplomat baş verən dəhşətli qırğına beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və hüquqi-siyasi qiymət vermək məqsədilə ulu öndər Heydər Əliyevin dərhal Moskvadakı Azərbaycan nümayəndəliyində görüş keçirdiyini, bu addımın Sovet ordusunun qanlı əməllərinin ifşa edilməsində əvəzsiz rol oynadığını vurğulayıb.

R.Qurbanov bu hadisələrdən sonra da Azərbaycan xalqının mübarizlik əzminin sınmadığını, müstəqillik uğrunda fasiləsiz mübarizə apardığını, müstəqillik bərpa edildikdən sonra qarşılaşdığı çətinliklərdən danışıb. Xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin müdrik siyasəti ilə ölkədə ictimai, siyasi və iqtisadi sabitliyin təsis edildiyini, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Diplomat bildirib ki, bu səylərin nəticəsində Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad edib və bununla da 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb.

Tədbirdə çıxış edən Türkiyənin Sidneydəki Baş konsulu Əli Sevim, AZƏRTAC-ın Avstraliyadakı xüsusi müxbiri Vüqar Ağayev, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Avstraliya təmsilçisi Sara Azərsun, GADTB-nin sədri Əjdər Tağızadə və birliyin sədr müavini Eldar Qaradağlı 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolundan, bu hadisənin xalqımızın milli-azadlıq hərəkatının başlanğıcı olmasından və həmin vaxt şəhid olanların xatirəsinin xalqımız tərəfindən həmişə böyük hörmətlə anılacağından bəhs ediblər.

Tədbirdə 20 yanvar faciəsini əks etdirən qısametrajlı sənədli film də nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed