Şrift:
Daşkənd vilayətindəki Azərbaycan diaspor təşkilatına ölkəmizə dair kitablar və digər təbliğat vəsaitləri hədiyyə edilib
08.02.2022 [10:08] - Gündəm, Mədəniyyət
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov arasında görüş keçirilib.

Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması, Daşkənd vilayəti üzrə yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirə aparılıb.

Qalib Müslümov təşkilatın mərkəzi ofisinin vilayətin Nurafşan şəhərinə köçürüldüyünü, mərkəz üçün ayrıca otaq verildiyini qeyd edərək milli mədəniyyətimizin təbliği üçün əyani vasitələrə ciddi ehtiyac olduğunu bildirib.

Görüşün nəticəsi olaraq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd vilayəti üzrə Azərbaycan Milli Mədəniyyət Mərkəzinə ölkəmizə dair əyani vasitələr və zəngin kitab kolleksiyası hədiyyə edib.

Kolleksiyaya Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ilə çap olunan kitablar, Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair çoxsaylı nəşrlər daxil edilib. Hədiyyə kitablar arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər, habelə Heydər Əliyev Fondunun layihəsi ilə ölkəmizə dair çap olunan vəsaitlər yer alıb.

Bundan başqa, Azərbaycan mədəniyyətinə dair “İrs наследие” və “Баку” jurnalları, Azərbaycan musiqisinə aid disklər, habelə ölkəmizi təbliğ edən suvenirlər, milli geyimlər kolleksiyaya daxil olunub.

Qeyd edək ki, Xocalı soyqırımına dair nəşrlər də diaspor təşkilatına verilib.

AMM tərəfindən müntəzəm olaraq “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində hər il ölkəmizə dair kitab, jurnal, elektron nəşr Özbəkistanın aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə, Azərbaycan ocaqlarına, yerli diaspor təşkilatlarına hədiyyə edilir.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed