Şrift:
Fevralın 11-i Ümumdünya Xəstələr Günüdür
11.02.2022 [10:44] - Gündəm, Sağlıq
Sağlamlıq dünyanın ən gözəl neməti olsa da, yaşadığımız həyatda hər kəs nə vaxtsa xəstələnir. Ümumdünya Xəstələr Günü müxtəlif fiziki ağrılara mübtəla olanların ağrılarını yüngülləşdirmək və onlara göstərilən xidməti yaxşılaşdırmağa ictimaiyyətin diqqətini cəlb etmək üçün sosial addım kimi düşünülüb.

1993-cü ildən hər il fevralın 11-i Ümumdünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır.

1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

Həmin gün çərçivəsində bir sıra xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər keçirilir, xəstəxanalar ziyarət olunur, sağlamlıq və sağlam həyat tərzi istiqamətində profilaktik addımlar atılır.

Hazırda dünyanın bir çox ölkəsində həmin gün xəstəliklərin profilaktikası, onun sağaldılması və sağlam həyat tərzinin təbliği mövzusunda müxtəlif tədbirlər keçirilir. Katolik məbədlərdə dindarlar xəstələrə şəfqət və həmrəyliklərini nümayiş etdirirlər.
Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed