Şrift:
Tovuz rayonunda sahibkarların təbii qazla bağlı problemləri dinlənilib
17.02.2022 [09:52] - Gündəm, Sosial
“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası çərçivəsində Tovuzun Qovlar qəsəbəsində sahibkarlarla görüş keçirilib.

Görüşdə Tovuz rayon sakini Səlahəddin Rzayev, çörək istehsalı ilə məşğul olan Məhəmməd Bağırov və digər çıxış edən sahibkarlar bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu qeyd edib, ötən il və cari il ərzində yaranan borcun ödənilməsində onlara güzəştlərin olunmasını xahiş ediblər.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ötən ilin avqust ayından etibarən start verilən aksiyanın bu gün ümumilikdə 44-cü dəfə, sahibkarlarla isə sayca 20-ci dəfə təşkil olunduğunu diqqətə çatdırıb. Şöbə rəisi sahibkarlar tərəfindən ünvanlanan sualları cavablandıraraq onları narahat edən məsələlərə aydınlıq gətirib. Görüşə Tovuz rayonunun Qəribli kəndindən qatılan Afiq Musayev bu kəndin qazlaşdırılmasını birliyin rəhbər şəxslərindən xahiş edib.

Görüşdə birliyin digər məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də sahibkarlar və sakinlər tərəfindən ünvanlanan sualları cavablandırıblar. Bildirilib ki, "Azəriqaz" İB hər zaman sahibkarlıq subyektlərinə birliyin səlahiyyətləri çərçivəsində lazımi dəstəyi əsirgəmir. Bu görüş zamanı da ünvanlanan bütün müraciətlərin birlik rəhbərinə təqdim olunacağı qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed