Şrift:
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanları tanıyaq” layihəsinin icrasına başlanılıb
22.02.2022 [09:28] - Gündəm, Hərb
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanları tanıyaq” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində ilk tədbir şəhid İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verib.

O qeyd edib ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və igid Azərbaycan oğullarının fədakarlığı, vətənpərvərliyi, Vətən uğrunda misilsiz rəşadəti sayəsində mümkün olub.

Torpaqlarımız uğrunda sağlamlığını itirən qazilərin hər birimiz üçün örnək olduğunu vurğulayan Ə.Tağıyeva deyib: “Onlar bu ölkənin qəhrəmanları, Azərbaycanın qalıb Ordusunun müzəffər əsgərləridirlər. Onlar bizim qürur qaynağımız olduqları üçün biz mərd və fədakar qəhrəmanları tanımalı, onların keçdiyi həyat və döyüş yolundan çox şey öyrənməliyik”.

Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçıları Talıb Qəzənfərli, Cavid Nuri, Rəşad Ağaşzadə, Elçin Məmmədov müharibədə şəhid olmuş əsgər yoldaşları barədə, həmçinin keçdikləri çətin və şərəfli döyüş yolundan danışaraq, cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Masallı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Cəsarət Həmidov və məktəbin müəllimi Mübariz Rzayev çıxış edərək, tədbirin təşkilatçılarına və Vətən müharibəsi iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 3877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed