Şrift:
Dubayda Xocalı soyqırımının 30 illiyi ilə bağlı anım tədbiri təşkil olunub
25.02.2022 [10:29] - Xəbərlər, Sosial
Azərbaycanın Dubaydakı baş konsulluğunda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Baş konsulluğun əməkdaşlarının və diaspor nümayəndələrinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov tədbirdə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın, uşaq və ahıl insanlara qarşı törətdikləri qırğından bəhs edib. O vurğulayıb ki, həmin məşum gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qocalardır. Bundan başqa, 1275 nəfər girov götürülüb, itkin düşmüş 150 dinc sakinin taleyindən indiyədək xəbər yoxdur.

C.Hüseynov bildirib ki, Xocalıda baş verənlər XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu faciəni törədən cinayətkarların arasında hazırda Ermənistanda siyasətlə məşğul olan şəxslər, bu ölkənin keçmiş prezidenti Serj Sarkisyan və digərləri var. Bu canilər beynəlxalq cinayət məhkəməsi qarşısında cavab verməlidirlər.

Baş konsul Xocalı həqiqətlərinin bütün dünyada, o cümlədən ərəb ölkələrində tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti sayəsində şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı düşmən işğalından azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı.

Tədbirin sonunda kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed