Şrift:
Malayziyalı alimdən Xocalıya ədalət çağırışı
28.02.2022 [10:14] - Xəbərlər, Sosial
Malayziyanın nüfuzlu Malaya Universitetinin beynəlxalq və strateji araşdırmalar departamentinin baş tədqiqatçısı Dr. Roy Antoni Rocers Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar geniş məqalə ilə çıxış edib.

“Sinar Harian” adlı qəzetinin 27 fevral tarixli nömrəsində dərc olunmuş məqalə “Xocalının gələcəyi üçün ədalət” sərlövhəsi ilə təqdim olunub.

Məqalədə alim qeyd edib ki, hazırda beynəlxalq ictimaiyyətin diqqəti Rusiya və Ukrayna arasında davam edən gərginliyə cəmləşsə də, 30 il bundan əvvəl, 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən qanlı faciə unudulmamalıdır. Müəllif Xocalı qətliamının Bosniya və Ruandada baş verən qırğınlar qədər qanlı olduğunu, bu hadisənin Azərbaycana qarşı torpaq iddiası irəli sürən Ermənistan tərəfindən strateji üstünlük əldə etmək məqsədilə törədildiyini qeyd edib.

R.A.Rocers bildirib ki, Xocalıda törədilən qırğın Ermənistan ordusunun psixoloji müharibə strategiyasının nəticəsi idi. Əsas məqsəd zorakılıq yolu ilə Azərbaycan xalqını qorxutmaq idi. Müəllif, ötən əsrin 90-cı illərində Ermənistan rəhbərliyinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməyə məhəl qoymadığını xüsusilə vurğulayıb.

O, Xocalı və Srebrenitsa qətliamlarının soyuq müharibənin başa çatmasından dərhal sonra meydana gəldiyini xatırladaq, Srebrenitsa üçün ədalətin bərqərar olduğunu, Xocalı qurbanlarının isə hələ də bunu gözlədiklərini qeyd edib: “BMT Təhlükəsizlik Şurası Srebrenitsa qətliamının müqəssirlərini araşdırmaq və məsuliyyətə cəlb etmək üçün 827 saylı qətnamə ilə keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalını təsis etmişdi. Fakt budur ki, 2010 və 2013-cü illərdə Serbiya Parlamenti rəsmi olaraq bu qırğını qınamış və qətliam qurbanlarının ailələrindən üzr istəmişdi. Lakin eyni şey Xocalı üçün baş verməyib”.

Qeyd edək ki, R.A.Rocers bu il fevralın 24-də Azərbaycanın Malayziyadakı səfirliyinin və Malayziya Milli Universitetinin mütəxəssislərin iştirakı ilə birgə təşkil etdiyi dəyirmi masada “Beynəlxalq hüquq və siyasətin işığında Xocalı” adlı məruzə ilə çıxış edib, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının cari vəziyyəti barədə apardığı tədqiqatların nəticələrini bölüşüb.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed