Şrift:
Azərbaycan-Pakistan arasında iqtisadi əlaqələr müzakirə edilib
04.03.2022 [09:32] - Xəbərlər, Siyasət
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Pəncab əyalətinin valisi Çaudri Məhəmməd Sərvər ilə görüşüb.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, yüksək səviyyəli Azərbaycan-Pakistan münasibətlərindən söhbət açıb. Ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini bildirən səfir iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə son dövrlər görülən işlərdən danışan X.Fərhadov iki ölkə arasında baxılmaqda olan Preferensial Ticarət Sazişi, eləcə də yaradılacaq enerji, bank, səhiyyə, gənclər, nəqliyyat, informasiya texnologiyaları və turizm üzrə işçi qruplarını xüsusilə diqqətə çatdırıb. “ASAN viza” xidmətindən Pakistan vətəndaşlarının artıq yararlana bildiyini, həmçinin “Pakistan Hava Yolları”nın bu ayın ortalarından etibarən Azərbaycana birbaşa aviareyslərə başlayacağını deyən səfir bəhs olunan məsələlərin hər iki ölkənin turizm sahəsinin daha da inkişaf etməsinə imkan yaradacağını vurğulayıb.

Çaudri Məhəmməd Sərvər Azərbaycan-Pakistan münasibətlərindən məmnunluğunu ifadə edib və ətraflı məlumatlara görə səfirə öz təşəkkürünü bildirib. İqtisadi əlaqələrin vacib olduğunu deyən vali Pakistanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfərə gəlməyə hazır olduğunu diqqətə çatdırıb. Azərbaycan və Pakistan xalqlarının bir-birinə olan rəğbətini vurğulayan Çaudri Məhəmməd Sərvər Azərbaycana səfər etmək niyyətinin olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed