Şrift:
Tərtərli qadınlar uzun illər müharibə ağrı-acısını öz zərif çiyinlərində daşıyıblar
09.03.2022 [09:19] - Xəbərlər, Sosial
Rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən tərtərli qadınlar həm də uzun illər müharibə ağrı-acısını öz zərif çiyinlərində daşıyıblar. Onlar Azərbaycan qadınının bütün müsbət keyfiyyətlərini özlərində cəmləşdirib, səbr, təmkin, dözüm nümayiş etdiriblər, müharibəyə vətənpərvər oğullar yola salıblar.

Bu fikirlər Tərtər rayonunda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Bayram süfrəsi arxasında keçirilən mərasimdə Vətən müharibəsi şəhidlərinin anaları və həyat yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını bayram münasibətilə təbrik edib. Azərbaycan qadınının daim cəmiyyətin hərəkətverici qüvvəsi, milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu vurğulayaraq, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib.

İnsan hüquqları üzrə keçmiş müvəkkil, kimya elmləri doktoru, professor Elmira Süleymanovaya çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara xoşbəxtlik, cansağlığı və işlərində müvəffəqiyyətlər diləyib. Ölkəmizdə uğurla həyata keçirilən dövlət qadın siyasətindən danışan E.Süleymanova Azərbaycan qadınının bütün sahələrdə ləyaqətlə təmsil olunduqlarını, müstəqil respublikamızın inkişafına öz layiqli töhfələrini verdiklərini diqqətə çatdırıb.

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutun direktoru Vaqif Abbasov çıxışında dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan qadını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak edir.

Tədbirdə iştirak edən şəhid anaları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonda şəhid analarına, həyat yoldaşlarına Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və gül buketləri verilib. Görüşdə iştirak edə bilməyən şəhid ailələrinin hədiyyələri isə evlərində təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed