Şrift:
Sumqayıtda şəhid Rüfət Mustafayevin xatirəsi anılıb
11.03.2022 [09:59] - Xəbərlər, Hərb
Qubadlılılar bütün şəhidlərin xatirəsini əziz tutur. Bu gün şəhid Rüfət Mustafayevin doğum günüdür. Yaşasaydı 26 yaşı tamam olacaqdı. Bununla əlaqədar Sumqayıtdakı Şəhidlər xiyabanı ziyarət olunub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin, YAP Qubadlı rayon təşkilatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Sumqayıt şəhərinin axundu, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxışında bildirib ki, 44 gün ərzində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxardı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi. Ölkəmizdəki xalq-iqtidar-ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğ”a çevrildi. Məhz Prezident İlham Əliyevin “dəmir yumruğ”u tarixi ədaləti bərpa etdi.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərib, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazanıb və tarixi ədalət bərpa olunub.

Şəhidin atası Zöhrab Mustafayev şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra şəhidin adına ehsan süfrəsi açılıb.

Əslən Qubadlı rayonunun Dondarlı kəndindən olan Rüfət Mustafayev 1996-cı ilin martın 12-də Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıtdakı 18 saylı tam orta məktəbi, 2017-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

2019-cu il oktyabrın 23-də həqiqi hərbi xidmətə çağırılıb, Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirib. Rüfət Mustafayev Vətən müharibəsi döyüşlərində fəal iştirak edib, cəsarəti və cəsurluğu ilə seçilib. Oktyabrın 12-də Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 4721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed