Şrift:
Yaponiyada “Böyük Şərq Zəlzələsi”nin 11-ci ildönümü qeyd olunur
11.03.2022 [10:02] - Gündəm, Hadisə
Martın 11-də Yaponiyanın şərq və şimal-şərq sahillərinə zərər vurmuş “Böyük Şərq Zəlzələsi”nin 11-ci ildönümü qeyd edilir. Həmin gün baş verən çox güclü zəlzələ və onun nəticəsində yaranan sunami “Fukusima-1” AES-də qəzaya səbəb olaraq böyük fəlakət törədib.

Həmin gün bununla əlaqədar həm paytaxt Tokioda, həm də ölkənin ayrı-ayrı ərazilərində müxtəlif anım tədbirləri keçirilir.

Yaponiyanın şimal-şərq sahillərində martın 11-də yerli vaxtla saat 14:46-da baş verən və ümumi gücü 9 bal olan zəlzələ hündürlüyü 10 metrə çatan nəhəng dalğalar əmələ gətirib. Hakimiyyət orqanlarının bildirdiyinə görə təbii fəlakət nəticəsində həyatını itirənlərin və itkin düşənlərin ümumi sayı 18 min 423 nəfər təşkil edir. Zəlzələ nəticəsində təxliyə olunanlar arasında son 11 ildə ölümü təbii fəlakətlə əlaqələndirilənlərin sayı isə 3786 nəfər olub.

Cari ilin fevralına olan məlumata görə, hələ də 38 min 139 nəfər öz doğma evlərindən kənarda yaşamaq məcburiyyətindədir. Yaponiya hökumətinin apardığı dezinfeksiya və yenidənqurma işləri nəticəsində onların sayı durmadan azalır.

Zəlzələ və sunami, həmçinin onların ardınca baş verən atom qəzası İvate, Miyaqi və Fukuşima prefekturalarında 40-dək bələdiyyəyə ciddi ziyan vurub. Bu bələdiyyələrdən 28-də əhalinin sayı təbii fəlakətdən əvvəlki dövrlə müqayisədə 10 faiz azalıb.

Fukuşima prefekturasının Futaba şəhərinin bütün sakinləri hələ də evlərinə dönə bilmirlər. Bu şəhərin bəzi əraziləri üçün təxliyənin ləğvi barədə qərarın iyunda qəbul ediləcəyi gözlənilir.

Yaponiyanın NHK telekanalı sahilboyu prefekturalarda yaşamış və atom qəzasından sonra təxliyə edilmiş sakinlər arasında sorğu aparıb. Onlardan cari ildə fəlakət barədə nə qədər danışdıqları sualına cavab vermələri xahiş edilib. Respondentlərin 45 faizi bildirib ki, onlar cari ildə ötən illə müqayisədə bu mövzuda az danışıblar. Yalnız 7 faizi bu mövzunu daha çox müzakirə etdiyini bildirib, 38 faizi isə məsələnin dəyişməz qaldığını bildirib.

Yaponiyada 2011-ci il fəlakətinin nəticələrindən çıxarılan dərslər ölkədə yeraltı təkanların təkrarlanması ilə əlaqədar olaraq aktual mövzu olaraq qalır. Tədqiqatçıların növbəti güclü zəlzələlər barədə proqnozları isə heç də ürəkaçan deyil. Belə ki, ötən ilin dekabrında hökumət mənbələrinin yaydığı məlumata görə, Hokkaydo sahillərində gözlənilən növbəti güclü yeraltı təkanlar 100 mindən çox, İvate prefekturası sahillərində isə 200 minə yaxın insanın həyatına son qoya bilər.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed