Şrift:
İradə Qurbanova: Bakıda keçirilən çempionatla bağlı təəssüratlarım xoşdur
14.03.2022 [09:16] - Gündəm, İdman
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatından təəssüratlarım çox yaxşıdır.

Bunu akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Qurbanova deyib.

“Təəssüratlar yaxşıdır, yarışlar çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq baxımından belə çempionat uzun müddətdir keçirilmir. Təbii ki, bir az yorğunluq var, çünki dünya çempionatından əvvəl Dünya Yaş Qrupları Yarışları keçirilib. Biz idmançılarımıza azarkeşlik edirdik", - deyə baş məşqçi bildirib.

Azərbaycan gimnastlarının çempionatdakı nəticələrindən danışan İradə Qurbanova onların çıxışından razı qaldığını vurğulayıb.

"Ümumilikdə, mən razı qaldım. Düzdü, bu gün bir az üzüldük - Ağasif Rəhimovla Raziyə Seyidliyə layiq olduqları qiymət verilmədi. Proqramın öhdəsindən yaxşı gəldilər və daha yüksək qiymətlərə layiq idilər. Kişi cütlüyünə gəlincə, Daniel Abbasov və Murad Rəfiyev son finalda səhvə yol verdilər və buna görə hakimlər tərəfindən cəzalandırıldılar. Burada heç kim mübahisə etmir", - deyə baş məşqçi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan gimnastlarını qarşıda Portuqaliyada, daha sonra isə Polşada keçiriləcək dünya kuboku gözləyir. Orada onlar yeni proqramla çıxış edəcəklər.

"Adətən, startdan sonra biz proqramı təhlil edirik, onu daha stabil və maraqlı etmək üçün nə edə biləcəyimizə qərar veririk", - deyə baş məşqçi əlavə edib.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed