Şrift:
Nizami rayonunda “Soyqırımlar tarixini dəyişən şanlı Zəfərimiz” adlı tədbir keçirilib
31.03.2022 [10:40] - Xəbərlər, Sosial
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımlar tarixini dəyişən şanlı Zəfərimiz” adlı dəyirmi masa keçirilib.

İcra hakimiyyətindən bildiriblər ki, Milli Məclisin deputatlarının, tanınmış tarixçilərin, qazilərin və şəhid ailələri üzvlərinin, fəal gənclərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq bildirib ki, tariximizin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Öz havadarlarından daim dəstək alan erməni millətçiləri ötən əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib, azərbaycanlılar vəhşicəsinə qətlə yetirilib, onlar öz tarixi dədə-baba yurdlarından qovulub, yüzlərlə yaşayış məntəqəsi, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Coşqun Cəbrayılov qeyd edib ki, sovetlər dönəmində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin, xüsusilə də mart hadisələrinin əsil mahiyyətinin açılmasının, ona hüquqi-siyasi qiymətin verilməsinin qarşısı uzun illər boyunca SSRİ rəhbərliyi tərəfindən alınıb. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırımı hadisələrinə hüquqi-siyasi qiymət verilib və 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb, həmçinin dövlətimizin başçısının 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamına əsasən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülüb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu məsələdə önəmli rol oynayır.

Coşqun Cəbrayılov vurğulayıb ki, son iki əsrdə erməni daşnakları tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalan xalqımızın milli vətənpərvərlik ruhu heç zaman sarsılmayıb, əksinə ümumi düşmənə qarşı mili birlik və intiqam hissləri daha da artıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində 30 illik işğal altında olan əzəli torpaqlarımız azad olunub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, erməni millətçiliyinə, onun şovinist soyqırımı siyasətinə sarsıdıcı zərbə vurulub, tarixi Qələbəmizlə erməni faşizminin təhlükəli və çirkin ideologiyası məhv edilib.

Bu gün xalqımız məğrur və qalib xalq kimi soyqırımlar tarixini dəyişən şanlı Zəfərimizin ruhu ilə yaşayır.

Tədbirdə Azərbaycanlıların soyqırımı ilə bağlı tarixi araşdırmalar və digər çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed