Şrift:
Soyqırımının 104-cü ildönümü ilə əlaqədar həmvətənlərimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir
31.03.2022 [10:43] - Xəbərlər, Siyasət
Martın 31-i səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə əlaqədar həmvətənlərimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir.

Ziyarətçilər arasında Milli Məclisin deputatları, hökumət və dövlət nümayəndələri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri var.

Memorial Kompleksdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə təşkil olunub.

Soyqırımı Memorial Kompleksi indiyə qədər 60-dan artıq ölkədən qonaq qəbul edib. Onların arasında öz təşəbbüsü ilə gələn turistlərdən tutmuş, yüksək səviyyəli nümayəndə heyətlərini, respublikamızda olan bütün xarici ölkələrin səfirləri və səfirlik əməkdaşlarını göstərmək olar. Xarici qonaqlar üçün xatirə kitabında yazılan qeydlərdən məlum olur ki, Memorial Kompleksə ziyarət bu insanların Azərbaycan həqiqətləri haqqında fikirlərinin nə dərəcədə dəyişməsinə təsir edir.

Quba Soyqırımı Memorial Kompleksinə gələn bütün ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed