Şrift:
Çində qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin axtarış işləri tamamlanıb
31.03.2022 [10:56] - Gündəm, Hadisə
“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” sərnişin təyyarəsinin əsas axtarış işləri tamamlanıb.

Çin Mülki Aviasiya İdarəsinin uçuşların təhlükəsizliyi departamentinin rəhbəri Cu Tao martın 31-də keçirilən mətbuat konfransında bu barədə açıqlama verib.

Bildirilib ki, axtarış prosesində təyyarənin qalığının irili-xırdalı təxminən 49 min hissəsi, o cümlədən 2 “qara qutu”, mühərrikin hissələri tapılıb. Bu hissələr qəzanın səbəblərinin araşdırılmasında mühüm rol oynayacaq. İlkin təhqiqatın nəticələri 30 gün ərzində ictimaiyyətə açıqlanacaq.

Mətbuat konfransında qeyd olunub ki, meyit qalıqlarının DNK analizi nəticəsində təyyarədəki 123 sərnişin və 9 heyət üzvünün şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayan təyyarə Quansi Cuan muxtar bölgəsinin Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb. Dağlıq və sıx meşəlik ərazidə yağışlı havanın yaratdığı torpaq sürüşmələrinin və palçıq axınının səbəb olduğu çətin şəraitdə aparılmış axtarış işlərinə 7 min nəfər şəxsi heyət, 100-dən çox texnika, xüsusi təlim görmüş itlər, dronlar cəlb olunub. Təyyarənin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı martın 26-da rəsmən ölmüş elan edilib.

Qeyd edək ki, bu, “Boeing 737-800” tipli təyyarələrlə bağlı 22-ci, insan tələfatı ilə nəticələnən 10-cu hadisədir. Bu qəza həm də Çin mülki aviasiyasının 11 il yarımlıq təhlükəsiz uçuş seriyasına son qoyub. Çin mülki aviasiyasında bundan əvvəlki sonuncu qəza 2010-cu ilin avqustunda baş vermiş, “Henan Hava Yolları” şirkətinə məxsus “Embraer E-100” tipli təyyarənin Heyloncian vilayətində qəzaya uğraması nəticəsində 44 nəfər ölmüş, 52 nəfər xəsarət almışdı.
Bu xəbər oxucular tərəfindən 2578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed